AZ

Azərbaycanın mühüm diplomatik uğuru




“Azərbaycan dövləti daha bir diplomatik uğur qazandı. Uzun illər fəaliyyətsiz olan ATƏT-in Minsk qrupunun ləğvi məhz bu cür qiymətləndirilməlidir. Təsadüfi deyil ki, bu qiymətləndirmə təkcə Bakı deyil, eləcə də beynəlxalq ekspertlər tərəfindən də aparılır”.

Newscenter.az xəbər verir ki, bunları “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, ATƏT-in Minsk qrupunun ləğvi prosesini şərtləndirən başlıca amil 44 günlük Vətən Müharibəsi oldu:

“İkinci Qarabağ Müharibəsindən sonra ATƏT-in Minsk qrupunun faktiki olaraq fəaliyyəti dayandırılmışdı və beynəlxalq aləmdə bu format qeyri-funksional hesab olunurdu. Çünki adıçəkilən qurum istər müharibəyə qədər, istərsə də ondan sonra öz üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmirdi. Minsk qrupunun fəaliyyət göstərdiyi 30 il müddətində Dağlıq Qarabağm probleminin həlli istiqamətində bir addım belə ata bilməməsi sonda Azərbaycanı hərəkətə keçməyə məcbur etdi və Bakı təkbaşına bu təşkilatın görə biləcəyi işi həyata keçirərək Dağlıq Qarabağ probleminə son qoydu. Bundan sonra artıq həmin mənasız, fəaliyyətsiz qurumun mövcudluğuna heç bir əsas yox idi”.

Arzuman Muradlı qeyd edib ki, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü hərbi və siyasi yollarla bərpa etdi. Bu zaman Minsk qrupu prosesindən kənar real nəticələr əldə olundu. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə Minsk qrupunun "tarixdə qaldığını" bildirdi. Azərbaycan beynəlxalq ictimaiyyətə çatdırdı ki, münaqişə artıq həll olunub və danışıqların predmeti yoxdur. Nəticə etibarilə Minsk qrupu adlı mənasız qurum tarixin arxivinə qovuşdu”.

İctimai birlik sədrinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun funksiyasızlaşdırılması Azərbaycanın bir neçə diplomatik məqsədinə nail olduğunu göstərdi:

“Tək tərəfli təzyiqlərin neytrallaşdırılması, Minsk qrupu çərçivəsində bəzən Azərbaycan üçün balanssız yanaşmalar müşahidə olunurdu. Bu formatın sıradan çıxması Bakıya daha əlverişli diplomatik manevr imkanları yaratdı. Yeni regional reallıqların tanıdıldı. Azərbaycan müharibədən sonra öz yaratdığı reallığı qəbul etdirdi. Minsk qrupu isə bu reallığı nəzərə almadan "Dağlıq Qarabağ" ifadəsini qoruyurdu ki, bu da Bakının maraqlarına uyğun deyildi. Post-müharibə dövründə Azərbaycan sülh danışıqlarını Ermənistanla birbaşa ikitərəfli formada aparmağa başladı. Bu, vasitəçilərdən asılılığın azalması və prosesin daha çevik idarə olunması demək idi. Bir sözlə, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması, Azərbaycanın münaqişə sonrası dönəmdə öz maraqlarını beynəlxalq arenada müdafiə edə bilməsi, ərazi bütövlüyünün tanıdılması, və vasitəçilərin rolunun minimuma endirilməsi baxımından mühüm diplomatik uğur hesab olunur”.

Süleyman
Seçilən
100
newscenter.az

1Mənbələr