AZ

Bolqarıstanda “Lukoil”in Neft Emalı Zavodunun satışı dayandırılıb

SOCAR və Cengiz əsas favoritlər olsa da, danışıqlar siyasi gərginlik səbəbindən ləngiyib...

Poliqon EADaily portalına istinadən xəbər verir ki, Bolqarıstanın ən böyük neft emalı müəssisəsi olan “Lukoil Neftohim Burgas”ın satışı müvəqqəti olaraq dayandırılıb. Zavodu almaqda əsas maraqlı tərəf Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin “Cengiz Holding” konsorsiumu hesab olunur. Lakin siyasi vəziyyət və iqtisadi risklər danışıqların gedişini əngəlləyib.

Məlumata görə, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsi Bolqarıstan hökumətində və potensial investorlar arasında narahatlıq yaradıb. Bu səbəbdən, SOCAR və Cengizin cəlbedici təklifinə baxmayaraq, sövdələşmənin siyasi həssas xarakter alacağı ehtimal olunur.

“Lukoil” üçün Bolqarıstandakı zavod qlobal aktivlərinin yalnız bir hissəsini təşkil edir. Şirkət Asiya, Yaxın Şərq və Afrikada da iri layihələrə sahib olduğundan, qərarı təxirə salaraq mümkün çətinlikləri nəzərə almağa çalışır.

SOCAR-ın daha əvvəl “Lukoil”lə uğurlu əməkdaşlıq təcrübəsi olub — Türkiyədə STAR neft emalı zavodunun tikintisi buna misaldır. Lakin bu amil də Bolqarıstanda sövdələşmənin problemsiz başa çatmasına təminat verməyib.

Əgər danışıqlar tamamilə dalana dirənsə, digər oyunçular da prosesə qoşula bilər. Bunlara Macarıstanın MOL şirkəti, Qazaxıstanın “KazMunayGas”, beynəlxalq treyder Vitol və Türkiyənin “Oyak” pensiya fondu daxildir.

Son aylarda Sofiya ardıcıl şəkildə Rusiyanın biznes iştirakını məhdudlaşdırır: terminalların müsadirəsi, Rusiya neftinin idxalına qadağa, yeni vergilər və rüsumlar tətbiq olunub.

2023-cü ilin dekabrından Rusiyadan idxal olunan neftin emalına görə kompensasiya rüsumu tətbiq edilir — Brent və Urals markalı neft qiymətləri arasındakı fərqin 70%-i dövlət büdcəsinə köçürülür. Bu, indiyədək təxminən 336 milyon avro gəlir gətirib.

“Lukoil Neftohim Burgas” üçün mənfəət vergisi 60% olaraq müəyyən edilib. Lakin müəssisənin yeni sahibi üçün bu göstəricinin 15%-ə endirilə biləcəyi qeyd olunur.

“Lukoil” xatırladır ki, şirkət indiyədək Bolqarıstana 3,4 milyard dollardan çox sərmayə yatırıb, 220 yanacaqdoldurma məntəqəsi, doqquz neft bazası və gəmilər, həmçinin təyyarələr üçün infrastruktur qurub.

Beləliklə, Bolqarıstan üçün strateji əhəmiyyət daşıyan zavodun taleyi hələ də qeyri-müəyyən olaraq qalır. SOCAR və Cengiz güclü mövqedə olsa da, siyasi gərginlik və Sofiyanın sərt vergi siyasəti digər potensial alıcılara da imkan yarada bilər.

Poliqon.info

Seçilən
52
poliqon.info

1Mənbələr