AZ

Anomal Günəş aktivliyinin sirri açılıb

Avropanın “Solar Orbiter” kosmik aparatı alimlərə Günəşin sürətli elektronlarının mənşəyini ilk dəfə dəqiq müəyyənləşdirməyə kömək edib. Müşahidələr göstərib ki, bu hissəciklər ya güclü Günəş partlayışları, ya da Günəşin xarici qatlarından qoparaq kosmosa atılan kütlə atılmaları (koronal kütlə atılmaları) nəticəsində yaranır.

AZƏRTAC xəbər verir ki, araşdırma “Astronomy and Astrophysics” (A&A) jurnalında dərc olunub.

Günəş daxil olduğu sistemdə ən güclü hissəcik sürətləndiricisidir. Belə ki, elektronlar işıq sürətinə qədər sürətlənir və planetlərə çataraq peyklərə və astronavtlara təhlükə yaradır. Lakin indiyədək alimlər üçün aydın deyildi ki, niyə eyni hadisələr zamanı elektronlar bəzən gecikmə ilə qeydə alınır və hadisələr intensivlik baxımından fərqlənir?

Potsdamdakı Leybnits Astrofizika İnstitutundan Aleksandr Varmutun sözlərinə görə, iki fərqli ssenari aşkar edilib. Birinci halda “impulsiv” axınlardan söhbət gedir. Bu halda elektronlar partlayışdan dərhal sonra kosmosa yönəlir. İkinci halda isə söhbət kütlə atılmaları ilə bağlı “tədrici” axınlardan gedir ki, bu zaman hissəciklərin sərbəst buraxılması daha uzun çəkir, lakin miqdarı qat-qat çox olur.

“Solar Orbiter” yüzlərlə belə hadisəni qeydə alıb. Bunun sayəsində alimlər hissəciklərin turbulent Günəş küləyi vasitəsilə necə yayıldığını və maqnit pozuntularına rast gələrək gecikmələr yaratdığını izləyə biliblər.

Əldə edilən nəticələr kosmik havanın proqnozlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Avropa Kosmik Agentliyinin nümayəndələrinin sözlərinə görə, ən böyük təhlükə məhz koronal kütlə atılmaları ilə bağlı hadisələrdir. Onlar orbitdəki texnika və pilotlu missiyalar üçün ciddi risk yaradır. Gələcəkdə ESA-nın “Smile” və “Vigil” missiyaları müşahidələri davam etdirəcək və Günəş aktivliyindən doğan riskləri daha dəqiq qiymətləndirməyə imkan verəcək.

Seçilən
1
3
ekologiya.az

4Mənbələr