AZ

Professor Oğultürk: “Görünür, Putin Türkiyəyə də xüsusi rol həvalə edib”

Yazını böyüt
Yazını kiçilt

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən Zirvə toplantısında 20-dən artıq ölkənin lideri, 10-dan çox beynəlxalq təşkilatın rəhbəri, müşahidəçilər, dialoq üzrə tərəfdaşlar və qonaqlar iştirak edib. Çin Prezidenti Si Cinpinin dəvəti ilə bu ölkəyə təşrif buyurmuş liderlərdən Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, yaxud da prezident Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşləri maraqla qarşılanıb. Bu yandan da, Putin Ukraynaya görə prezident Ərdoğana təşəkkür edib və Ərdoğan da ona “Sizi ən qısa zamanda ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik” deyib.

Hafta.az-ın yazdığına görə, bu sammitdə verilən mesajların dünya üçün əhəmiyyəti çox böyükdür.

İstanbul Aydın Universitetinin Afrika Tətbiq və Araşdırma Mərkəzinin direktoru professor M.Cem Oğultürk zirvə ilə bağlı fikirlərini bölüşərkən Çin dövlət başçısı Si Cinpinin sözlərini xatırladıb: “Biz Si Cinpin beynəlxalq münasibətlərin demokratikləşməsini, “hegemonluq və güc siyasətinə” qarşı çıxmağı, inkişaf etməkdə olan ölkələrin təmsilçiliyinə üstünlük verdiyini görürük. Yeni qlobal nizam və çoxqütblülüyün vurğulandığı zirvə toplantısı keçirilib”.

Görüşün əsas mövzularına toxunan Oğultürk, “İqtisadi əməkdaşlıq, şübhəsiz ki, mühüm platformadır, lakin biz həm də toplantıda təhlükəsizlik məsələlərinin ön planda olduğunu görürük. Hindistanın baş naziri Narendra Modinin təşkilat daxilindəki mövqeyini “Təhlükəsizlik, Bağlantı, Fürsət" (S, C, O) üçlüyü ilə yekunlaşdırması xüsusilə diqqəti cəlb edir” deyib.

Oğultürk Putinlə Ərdoğanın görüşünə də toxunub. Bildirib ki, Putin Ərdoğanla görüşündə Türkiyənin Ukrayna müharibəsindəki sülh səylərini xüsusi vurğulayıb.

“Digər tərəfdən, Ərdoğan müxtəlif çətinliklərlə üzləşsə də, bu səylərin iki ölkə arasındakı münasibətlərə dərindən təsir etmədən irəlilədiyini bildirib. O, Rusiya prezidenti Putini Türkiyəyə dəvət edib. Görünür, Putin Türkiyəyə də xüsusi rol həvalə edib” deyən Oğultürk bildirib ki, Zirvədə “çoxqütblü dünya” diskursundan Qərb mərkəzli sistemə meydan oxuyan nizam yaratmaq istəyini ifadə etmək üçün istifadə olunub. Maliyyə və iqtisadiyyatda müştərək strukturların, o cümlədən təşkilata məxsus bankın, ortaq istiqrazların və alternativ ödəniş sistemlərinin yaradılması yolu ilə iqtisadi müstəqilliyin gücləndirilməsi, mərkəzi təhlükəsizlik və terrorla mübarizə çərçivəsində təşkilatın səlahiyyətlərinin artırılması, inkişafla əməkdaşlıq kimi mövzular müzakirə edilib. Bundan başqa, Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunu davam etdirməsi və regional sülhə verdiyi töhfə, Hindistanın balanslı yanaşması, Qərbdən asılı olmayaraq Çin və Rusiya ilə sıx əlaqələr saxlamaq siyasəti, infrastruktur, təhsil, yardımçı kreditlər və institutlar vasitəsilə Çinin ŞƏT daxilində təsirini artıran inkişaf modeli də diqqət mərkəzindədir.

Seçilən
3
hafta.az

1Mənbələr