BAKI, 2 sentyabr. TELEQRAF
"Apple" korporasiyası bütün dünyada fiziki sim-kart üçün bölməsi olmayan "iPhone"lar istehsal etməyə başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.
Bildirilir ki, "Apple" brendinin smartfonlarında fiziki sim-kartlardan tamamilə imtina edilməsi ilə bağlı şayiələr çoxdan dolaşır. Belə ki, ABŞ-də "Apple" artıq neçə ildir ki, yalnız eSIM ilə çalışan "iPhone"lar istehsal edir. Nəşrin mənbələri bildiriblər ki, "Apple" Avropa İttifaqı (Aİ) ölkələrindəki mağazalarının əməkdaşlarına eSIM dəstəyi olan "iPhone"ların necə işlədiyi barədə təlimlər keçir.
Fransa, Almaniya, İtaliya, İspaniya və Niderland kimi ölkələrdə fəaliyyət göstərən "Apple Store" əməkdaşlarına artıq müvafiq təlimatların verildiyi iddia olunur. "iPhone 17" modelinin təqdimatına cəmi bir həftə qalmış daxil olan yeni məlumatı nəşr "Apple" şirkətinin sim-kart bölməsi olan smartfonların istehsalını dayandıracağının əlaməti adlandırıb. Qeyd edək ki, yeni modelin təqdimatı sentyabrın 9-da baş tutmalıdır.
Xatırladaq ki, ABŞ-də "Apple" yalnız eSIM dəstəyi ilə işləyən "iPhone"ları hələ 2022-ci ildə satışa çıxarıb. Həmin vaxt təqdim olunan "iPhone 14" modeli sim-kart bölməsi olmadan istehsal edilib. Nəşr hesab edir ki, "Apple" smartfonlarında sim-kart bölməsinin bütün dünyada ləğv olunması zaman məsələsidir.