BAKI, 2 sentyabr. TELEQRAF
Fələstin Milli Administrasiyasının sədri Mahmud Abbas Qəzza bölgəsinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri yazıb.
Mahmud Abbas bu prosesə xarici tərəfdaşların cəlb edilməsi imkanını istisna etmədiyini vurğulayıb.
O, Fələstin Milli Administrasiyasının Qəzzanın idarə edilməsi məsələsində ərəb ölkələri və ya digər dövlətlərlə beynəlxalq əməkdaşlığa açıq olduğunu söyləyib. Bununla yanaşı, Mahmud Abbas rəhbərlik etdiyi administrasiyanın ərazini müstəqil şəkildə idarə etmək üçün bütün imkanlara malik olduğunu bəyan edib.
Siyasətçi həmçinin İsraili Fələstin dövlətinin yaradılmasına mane olmaqda ittiham edərək, yəhudi dövlətinin "bütün Fələstini məhv etməyə" çalışdığını bildirib. O, Fələstin Milli Administrasiyasının 1988-ci ildə İsraili tanıdığını, lakin bunun Fələstin dövlətçiliyinə münasibətdə İsrailin mövqeyini dəyişmədiyini xatırladıb.
Bundan başqa, Mahmud Abbas Fələstinə BMT-nin tamhüquqlu üzvü statusunun verilməsinə nail olmaq niyyətində olduğunu vurğulayıb.