İngiltərənin daxili işlər naziri Yvette Kuper bildirib ki, sığınacaq axtaranların ailə birləşməsi müraciətləri yeni qaydalar açıqlanana qədər müvəqqəti olaraq dayandırılacaq. Nazir bunu prosedurun ədalətsiz olması və ölkədə evsizlik problemini artırması ilə izah edib.
Kuper parlamentdə çıxışı zamanı vurğulayıb ki, hökumət 2024-cü ilin iyulunda işə başladığı vaxt Britaniya immiqrasiya sistemi “xaos vəziyyətində” idi. Onun sözlərinə görə, həmin vaxtdan bəri xarici cinayətkarların deportasiya göstəricisi 14 faiz artıb.
Nazir əlavə edib ki, Fransa ilə imzalanmış razılaşma çərçivəsində ilk qeyri-qanuni miqrantlar bu ay geri göndəriləcək. O, Britaniya sığınacaq sisteminin köhnəlmiş və ədalətsiz olduğunu bildirərək genişmiqyaslı islahatların aparılacağını açıqlayıb.
Kuper deyib ki, nazirlikdə yaradılacaq müstəqil qurum miqrasiya və sığınma müraciətləri üzrə şikayətləri araşdıracaq. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Böyük Britaniyada tətbiqi ilə bağlı da dəyişikliklər ediləcək.
Onun sözlərinə görə, iyul 2024-dən bəri 35 min nəfər deportasiya olunub. Hazırda bir sığınacaq müraciətinə orta hesabla 54 həftəyə baxılır. Yeni Sərhəd Təhlükəsizliyi Qanun layihəsi isə bu müddəti 24 həftə ilə məhdudlaşdırmağı nəzərdə tutur.
Kuper ailə birləşməsi prosedurundakı boşluqlara da diqqət çəkib:
“Bu prosedur müharibə və təzyiqlər səbəbindən ayrılmış ailələri birləşdirmək üçün nəzərdə tutulmuşdu. Amma indi sığınacaq müraciəti qəbul ediləndən cəmi bir ay sonra ailə üzvlərini İngiltərəyə gətirmək mümkündür. Bu isə bəzi bölgələrdə evsizlik yardımı alanların dörddə birinin sığınacaq axtaran ailələr olması ilə nəticələnib. Bu, davamlı deyil”.
Nazir həmçinin bildirib ki, ailə birləşməsi müvəqqəti olaraq dayandırılacaq, lakin digər qanuni mexanizmlər işlək qalacaq.
Kuper əlavə edib ki, sığınacaq axtaranların yerləşdirildiyi otellərdə otaqlarda qalanların sayı artırılacaq və bu sahədə qənaət ediləcək. Onun sözlərinə görə, otellərin bağlanması da hökumətin hədəfləri arasındadır.