Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu ilin iyununda 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşdü. Bakının mərkəzi rayonunun mərkəzi küçəsində kanalizasiyaya düşən gəncin meyiti Hövsan qəsəbəsində kanalizasiya kollektorunda aşkarlandı.
Bütün ölkəni silkələyən bu faciəvi olayın üstündən 3 aya yaxın vaxt keçib, lakin hazırda Bakı şəhərinin küçələrində durum dəyişməyib. Bu dəfə kanalizasiya sisteminin “qurbanı” avtomobillərdir. Paytaxtın küçələrində kanalizasiya qapaqları çökür, qırılır. Elə bu problemdən də paytaxt sakininin maşınının təkəri çökən kanalizasiya yoluna düşərək cırılıb.
Dairəvi yoldan Binəqədi qəsəbəsi istiqamətinə gedən yolda kanalizasiya qapağı çöküb. Sakinin çəkdiyi videoda kanalizasiya qapağının yerdən bir qarış - 15-20 santimetr çökəklikdə olduğu görünür. Təkcə bir sürücü deyil, onlarla sürücü həmin çökəkliyə düşərək yarı yolda qalır. Qəza şəraitinə yol açması, risk yaratması da var. Yarı yolda qalan sakin çarəsiz halda üsyan edir, kimə müraciət edəcəyini isə bilmir.
Ölkə.az xəbər verir ki, problem ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a danışıb.
Vəziyyətin sürücülər üçün böyük problem yaratdığını, yolu axsatdığını bildirib:
“Bu hadisə ilə qarşılaşdıqda sürücü mütləq yol patrul xidməti əməkdaşlarına müraciət etməlidir. Müraciət edildiyi zaman həmin məsələ qeydə alınır. Daha sonra avtomobilə dəyən zərərin ölçülməsi üçün servis mərkəzinə getmək lazımdır ki, zərər hesablansın”.
Paytaxt küçələrində olan bu problem haqqında memar Cahid Həsənov yolsalmada olan boşluqlardan danışıb:
“Kanalizasiya sistemi keyfiyyətli, dözümlü materiallardan hazırlanmalıdır. Kanalizasiya-suötürücü sistemi isə qurulan zaman konstruksiyası tam düzəldilməli və yol qurumu tərəfindən doğru asfalt örtüyü çəkilməlidir. Hər iki fəaliyyəti göstərən qurum mütəşəkkil iş görməlidir. Əks halda, çökmələr, sıradan çıxma halları davamlı yaşanacaq. Təkcə sürücülər deyil, piyadalar üçün də ciddi problem yaradacaq. “Lyuklar” cavabdeh qurumlar tərəfindən davamlı monitorinqdən keçməlidir. Davamlı yoxlanılmalıdır. Sıradan çıxanlar yeniləri ilə əvəz olunmalıdır ki, mərhələli yolsalma düzgün şəkildə qurulsun”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.