
İngiltərə kraliçası II Yelizavetanın vəfatından 4 il sonra, onun anadan olmasının 100 illiyinə (21 aprel 1926) həsr olunmuş “Kraliça II Yelizaveta: üslubla dolu həyat” adlı möhtəşəm moda sərgisi Londonda keçiriləcək. Ekspozisiya 2026-cı ilin yazında Bukingem sarayında açılacaq və kraliçanın zərif geyim üslubunu nümayiş etdirən ən böyük sərgi olacağı gözlənilir.Ziyarətçilər kraliçanın 70 illik hakimiyyəti dövründə geyindiyi 200-ə yaxın geyim, zinət əşyası və aksesuar görə biləcəklər, onların təxminən yarısı ilk dəfə ictimaiyyətə təqdim olunacaq. Biletlərin satışı artıq bu ilin noyabrında başlayacaq. Ən diqqətçəkən eksponatlar arasında 1947-ci ildə şahzadə Filip ilə toyu zamanı geyindiyi, məşhur britaniyalı modelyer Norman Hartnell tərəfindən hazırlanmış gəlinlik olacaq. Bu libas dövlət talonları ilə alınmış “duchesse” atlas parçasından tikilmiş, üzərində İngilis gülü, Uels pırasası, Şotlandiya tikanı və digər milli naxışlarla bəzədilmişdi.Sərgidə həmçinin 1953-cü ilin tacqoyma libası, eləcə də kraliçanın dünya səfərlərində geyindiyi geyimlər də təqdim olunacaq. Bu libaslar xüsusi dəqiqliklə seçilərək rəngi, biçimi və naxışları vasitəsilə gizli diplomatik mesaj ötürürdü.Kraliça Yelizavetanın geyim sərgisində eskizlər, parçaların nümunələri, tikiş cizgiləri və onun şəxsi məktubları da nümayiş olunacaq. Bu materiallar onun geyim seçiminə və hazırlanma prosesinə şəxsən necə qatıldığını göstərəcək.Rəsmi mərasim geyimləri ilə yanaşı, sərgidə onun gündəlik həyatda geyindiyi kənd üslublu paltarlar da olacaq: şotland naxışlı ətəklər, tvid və yağış plaşları, baş üçün ipək yaylıqlar. Bu üslub onun kənd estetikasının ayrılmaz hissəsinə çevrilmişdi. Bu geyimlər Burberry, Swan və Pringle of Scotland kimi britaniyalı moda evlərindən alınmışdı. Kraliça ömrü boyu yalnız İngiltərə dizaynerlərinin işlərini geyinməyə üstünlük verib və heç vaxt Chanel və ya Christian Dior kimi fransız brendlərini üzərinə almamışdı.
Sərginin kuratoru Karolin de Gito bildirib:“Kraliça Yelizavetanın unikal üslubu bütün dünyada tanınırdı, Britaniya moda sənayesini gücləndirdi və dizaynerlərin nəsillərinə təsir göstərdi. İndi, onun moda arxivi Royal Collection Trust-a təhvil verildiyi üçün, həyat hekayəsini geyim seçimləri vasitəsilə danışa bilirik. Hər bir geyimin öz mesajı və üzərində incə bədii işləmələr var. Kraliçanın 100 illiyində bu sərgi onun unikal britaniya üslubunun və geridə qoyduğu əbədi moda irsinin rəmzi olacaq”.Ulusum.az
Diqqət Çəkənlər
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı
Partlayış səsləri eşidiləcək - Nazirlik XƏBƏRDARLIQ etdi