"Çin və Azərbaycan münasibətləri bir çox sahələrdə dinamik şəkildə inkişaf edir, ölkələrimizin hərtərəfli strateji tərəfdaşlığı mövcuddur".
Missiya.Az xəbər verir ki, bu sözləri "China Economic Net" dərgisinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev vurğulayıb ki, ölkələrimizin əla siyasi əlaqələri var və Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri ikitərəfli əlaqələrimizin inkişafında mühüm rol oynayıb.
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, Azərbaycan Çinlə terrorizm, ekstremizm və separatizm kimi üç çox təhlükəli təzahürlə mübarizədə həmrəydir.
"Azərbaycan və Çin, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini rəhbər tutur və biz hər bir ölkənin öz iqtisadi inkişaf modelini müəyyən etmək üçün suveren hüququna hörmət edirik", - deyə Hikmət Hacıyev vurğulayıb.
Hikmət Hacıyev Çin-Azərbaycan iqtisadi əlaqələrinin gələcək istiqamətini şərh edib:
"Mən Çin-Azərbaycan əlaqələrinin strateji xarakterini qeyd etmək istərdim. Çin ŞƏT çərçivəsində lider ölkədir. Birincisi, biz güclü siyasi dialoqu davam etdiririk. Çin və Azərbaycan hər zaman bir-birini dəstəkləyib və bizim yüksəksəviyyəli siyasi fəaliyyətimiz hərtərəfli strateji tərəfdaşlıq sənədi ilə dəstəklənir.
İkincisi, iqtisadi və ticarət əlaqələrimiz genişlənir. Ənənəvi sahələrdən əlavə, biz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inkişaf etməkdə olan sektorlarda - enerji, bərpaolunan enerji və qabaqcıl texnologiyalar da daxil olmaqla əməkdaşlıq üçün əhəmiyyətli potensial görürük.
Həmçinin biz insanlar arasında artan mübadilələrin, humanitar əməkdaşlığın, mədəni və turizm əlaqələrinin şahidiyik, bunların hamısı gələcək əməkdaşlıq üçün perspektivlərdir".
H.Hacıyev söyləyib ki, ŞƏT-in əsas prinsipi olan qarşılıqlı etimad, qarşılıqlı fayda, bərabərlik, məsləhətləşmələr, mədəni müxtəlifliyə hörmət və ümumi inkişafa səy göstərməklə səciyyələnən "Şanxay ruhu" Çin-Azərbaycan münasibətlərinə istiqamət verməkdə davam edir.
"Bu ruh həm də iqtisadi əməkdaşlığa, pilot təşəbbüslərə, ticarət tərəfdaşlığına və genişləndirilmiş əlaqəyə çevrilir. Məsələn, biz iki ölkə arasında texnoloji əməkdaşlığı dərinləşdiririk".
H.Hacıyev onu da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Çinin bərpaolunan enerji, texnologiya, rabitə və digər sahələrdə fəaliyyət göstərən aparıcı şirkətləri ilə geniş görüşlər keçirəcək.
"Əminik ki, bu səfər Çin-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına səmərəli töhfə verəcək", - H.Hacıyev fikrini tamamlayıb.