Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində baş verən 6 bal gücündəki zəlzələdə 622 nəfərin öldüyü, 1555 nəfərin isə yaralandığı bildirilib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani açıqlamasında ötən gecə baş verən 6 bal gücündəki zəlzələdə ölənlərin sayının 622-yə, yaralıların isə 1555-ə çatdığını deyib.
Qani həlak olanlardan 610 nəfərin Kunar, 12 nəfərin isə Nangarhar vilayətindən olduğunu bildirib.
Çox sayda evin dağıldığını vurğulayan Qani, Əfqanıstan müvəqqəti hökumətinin daxili işlər üzrə nazir müavini Siracəddin Haqqaninin də yerli rəsmilərə zəlzələdən zərərçəkmiş bölgələrə ən qısa zamanda yardım göndərilməsi üçün çağırış etdiyini qeyd edib.
Əfqanıstanın İnformasiya Nazirliyindən bir rəsmidən alınan məlumata görə, gecə saatlarında baş verən zəlzələdən ən çox Kunar vilayəti zərər çəkib, torpaq sürüşməsi səbəbindən yollar bağlanıb və axtarış-xilasetmə işləri helikopterlərlə həyata keçirilir.
Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid də X sosial media platformasındakı hesabında verdiyi açıqlamada “Təəssüf ki, bu gün baş verən zəlzələ şərq vilayətlərində insan tələfatına və dağıntılara səbəb olub” ifadəsini işlədib.
Mücahid yerli rəsmilər və sakinlərin xilasetmə işlərinə qatıldığını, mərkəzi hökumət və ətraf vilayətlərdən də yardım qruplarının bölgəyə göndərildiyini bildirib.
Qeyd edək ki, bölgədə biri 5,2 bal gücündə olmaqla azı 2 afterşok qeydə alınıb.