AZ

Sumqayıtda Yankoviç effekti

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Sumqayıt” Premyer Liqanın III turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1. Ardıcıl iki qələbədən sonra seriyası pozulan “kimyaçılar” hazırda 7 xalla ikinci sıradadır.

“Şamaxı” ilə matçda əvvəlki görüşlərin əsas oyunçusu Aleksa Yankoviçi startda meydana buraxmayan baş məşqçi Saşa İliçin qərarı gözlənilməz oldu. İlk hissədə daha çox ortada keçən oyunda komandalar ciddi təhlükə yaratmadı. “Sumqayıt”da daha aktiv görünən Rüstəm Əhmədzadə bir neçə dəfə reydlər etsə də, rəqib müdafiəsi inamlı oyunla diqqətdə qaldı.

Fasilədən sonra Yankoviçi meydana buraxan İliç demək olar, istədiyini aldı. Serbiyalının aktiv oyunu, driblinqləri “Şamaxı” müdafiəsinə çətin anlar yaşatdı. Qol da məhz onun oyuna daxil olmasından sonra vuruldu. Standart vəziyyət zamanı hesabı açan “kimyaçılar” bir neçə qol imkanı da yaratdı.

“Şamaxı” isə qol buraxandan sonra daha aktiv göründü. Abdullahi Şuaybu və Edqar Ədilxanovu döyüşə atan Ayxan Abbasov əvəzetmələrin faydasını gördü. Məhz cinahda Şuaybunun əzmkar oyunu və daha sonrasında ötürməsini Edqar qolla tamamladı. Oyunun sonlarına yaxın da daha iki real epizod yaxalayan “şirlər” son zərbələrdə uğursuzluq yaşadı.

“Şamaxı”da əsas diqqət çəkən məsələ hücumda Rossinin passivliyi idi. Bir neçə dəfə yaxşı toplar götürən forvard ləng oyunu, top itkiləri ilə diqqət çəkdi. “Sumqayıt”da isə oyuna startda başlayan Masaki Murata komandanın ən zəiflərindən oldu. Xüsusilə ilk hissədə ötürmə səhvləri, top itkiləri komandasının kəsərli hücumlarına mane oldu.

Matçın bəzi məqamlarında “Şamaxı”, bəzilərində “Sumqayıt” daha fəal idi. Yekunda qazanılan bir xaldan hər iki tərəf məmnun olmalıdır.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
futbolpress.az

1Mənbələr