Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində baş verən 6.0 bal gücündə zəlzələdə 622 nəfərin həyatını itirdiyi, 1555 nəfərin isə yaralandığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kani verdiyi açıqlamada dünən gecə baş verən zəlzələdə ölənlərin sayının 622-yə, yaralıların sayının isə 1555-ə çatdığını bildirib.
Kani həyatını itirənlərin 610 nəfərinin Kunar, 12 nəfərinin isə Nangarhar vilayətlərindən olduğunu qeyd edib.
Çox sayda evin dağıldığını vurğulayan Kani Əfqanıstanın müvəqqəti hökumətinin daxili işlər naziri vəzifəsini icra edən Siracəddin Həqqaninin yerli rəsmilərə zəlzələdən zərər çəkmiş bölgələrə ən qısa zamanda yardım göndərilməsi üçün çağırış etdiyini açıqlayıb.
Əfqanıstan İnformasiya Nazirliyi gecə saatlarında baş verən zəlzələ ilə bağlı açıqlamada zəlzələdən ən çox zərər görən bölgələrin Kunar vilayətində olduğunu, torpaq sürüşmələri səbəbindən yolların bağlandığını və axtarış-xilasetmə işlərinin helikopterlərlə aparıldığını bildirib.
Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid "X" sosial media platformasındakı hesabında “Təəssüf ki, bu gün baş verən zəlzələ şərq vilayətlərində insan və əmlak itkilərinə səbəb olub” ifadəsini işlədib.
Mücahid yerli rəsmilər və bölgə sakinlərinin xilasetmə işlərinə qatıldığını, mərkəzi hökumət və ətraf vilayətlərdən olan qrupların da bölgəyə doğru yola çıxdığını qeyd edib.