
“Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəklədiyi kimi, Çin də Azərbaycanın uğurlarını yaxından izləyir, Ermənistanla münasibətlərin normallaşması prosesini alqışlayır. Deputat qeyd edib ki, bu gün isə hər iki ölkənin maraqları Orta Dəhlizin inkişafı və yükdaşmaların həcminin artırılması məsələsində üst-üstə düşür. “Azərbaycan nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün illərdir uğurlu layihələr həyata keçirib və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması xüsusi əhəmiyyət daşıyır. Çin bu layihəni ilk gündən dəstəkləyib. Qarşılıqlı səfərlər və əldə edilən razılaşmalar Zəngəzur dəhlizinin tezliklə reallaşması üçün əlverişli zəmin yaradır”. Millət vəkilinin sözlərinə görə, hər iki ölkə arasında sərbəst ticarət sazişi üzrə müzakirələr aparılır. “2025-ci ilin ilk aylarında ikitərəfli ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb ki, bu da 2024-cü illə müqayisədə 1,5 dəfə artım deməkdir. Bundan əlavə, Azərbaycan Çin texnoloji yeniliklərindən yararlanmaq imkanına malikdir. Çin şirkətləri də texnologiyalarını Azərbaycana gətirməkdə və ortaq layihələrdə iştirak etməkdə maraqlıdır”. Deputat vurğulayıb ki, iqlim dəyişikliklərinin aktuallıq qazandığı bir dövrdə Azərbaycan yaşıl enerji sahəsində əməkdaşlığa böyük önəm verir:
“Çin bu istiqamətdə zəngin təcrübəyə malikdir. Azərbaycan bu təcrübədən faydalanaraq yaşıl enerjiyə keçidi sürətləndirmək niyyətindədir. Çin şirkətləri də bu proseslərdə ölkəmizə dəstək göstərməkdədir”. Naqif Həmzəyev əlavə edib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin güclənməsinə böyük önəm verir:
“Bu əməkdaşlığın Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcəyi şübhəsizdir. Ekspertlər də hesab edirlər ki, Çinin dəstəyi ilə Orta Dəhlizin gücləndirilməsi Azərbaycanın Avropa ilə Asiya arasında ən mühüm tranzit qovşaqlarından birinə çevrilməsinə imkan verəcək”. Onun sözlərinə görə, qarşılıqlı viza rejiminin ləğvi yaxın illərdə turizm əlaqələrinin daha da genişlənməsinə və xalqlarımız arasında mədəni yaxınlaşmanın sürətlənməsinə səbəb olacaq.
“Prezident İlham Əliyevin Çinə işgüzar səfəri çox məhsuldar olacaq, əldə edilən razılaşmalar dövlətlərimizin iqtisadi inkişafına və xalqlarımızın rifahına mühüm töhfələr verəcək”, – deyə Naqif Həmzəyev qeyd edib.