AZ

"Rusiyanın yay hücumu iflasa uğradı: Kreml itkiləri gizlədir, "qələbə" görüntüsü yaradır" - Ukrayna Baş Qərargahı

"Rusiya ordusunun hücumu "sürünən" xarakter daşıyır və strateji sabitlikdən uzaqdır..."

Rusiyanın 2025-ci ilin yaz-yay aylarında başladığı növbəti "mövsümi hücum" tam uğursuzluqla nəticələnib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib.

Məlumatda deyilir ki, Kreml reallığı saxtalaşdıraraq öz itkilərini gizlədir və cəbhədəki nəticələri şişirdir.

Uğursuz hücumun nəticələri

Baş Qərargahın açıqlamasına görə, Rusiya ordusu bu hücumla heç bir böyük şəhəri tam nəzarətinə ala bilməyib. Əksinə, 2025-ci ilin əvvəlindən bu günə qədər 290 mindən çox rus əsgəri öldürülüb və ya yaralanıb, 2174 zirehli texnika, 1201 tank, 7303 artilleriya sistemi və 157 reaktiv yaylım sistemi sıradan çıxarılıb.

Ukrayna tərəfi qeyd edir ki, Rusiya həm işğal olunmuş ərazilərin, həm də "uğurlu əməliyyatların" miqyasını süni şəkildə böyüdür. Məsələn, Moskva iddia edir ki, Ukraynanın raket sənayesini "tamamilə məhv edib", lakin Ukraynanın dərinliklərindəki dəqiq raket zərbələri bu təbliğatın yalan olduğunu sübut edir.

Kremlin "qələbə" mifləri

Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) da Kremlin müntəzəm olaraq uğurları şişirtdiyini təsdiqləyir. Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov cəbhədə 3500 kv. km ərazinin və 149 yaşayış məntəqəsinin ələ keçirildiyini iddia etsə də, müstəqil hesablamalar reallığın başqa olduğunu göstərir: təxminən 2346 kv. km və 130 məntəqə.

Eyni şəkildə müdafiə naziri Andrey Belousov hər ay 600-700 kv.km  irəliləyişdən danışır. Halbuki ekspertlər bildirir ki, 2025-ci ildə bu rəqəm 440-500 kv. km-dən çox deyil.

Bununla yanaşı, Kremlin rəqəmləri öz ordusunun fəlakətli itkilərini gizlədir. Yalnız 2024-cü ildə ən azı 93 min rus hərbçisi həlak olub. 2025-ci ilin əvvəlindən isə daha 56 mindən çox itki qeydə alınıb.

Məqsəd Qərbi aldatmaqdır

ISW ekspertlərinin qənaətinə görə, Moskva bu yalançı "qələbə hekayələri" ilə Qərbdə Ukraynanın zəifliyi barədə təsəvvür yaratmağa, ABŞ və Avropanı dəstəyin azalmasına sövq etməyə çalışır. Lakin əslində Rusiya ordusunun hücumu "sürünən" xarakter daşıyır və strateji sabitlikdən uzaqdır.

Gələcək planlar və risklər

Ukrayna tərəfinin məlumatına görə, Rusiya qüvvələri payız-qış aylarında Donetsk vilayətindəki Pokrovsk şəhərinə daxil olmağa və küçə döyüşləri başlatmağa hazırlaşır. Hazırda şəhər ətrafında 100 mindən çox rus hərbçisi toplanıb.

Ekspertlərin fikrincə, Kremlin məqsədi təkcə cəbhədə mövqelərini möhkəmlətmək deyil, həm də beynəlxalq ictimaiyyətə "Ukrayna uduzur" mesajını verməkdir. Lakin həm döyüş meydanında, həm də beynəlxalq arenada real vəziyyət bunun tam əksini göstərir.

Seçilən
25
moderator.az

1Mənbələr