Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş, 2026-cı il Dünya Çempionatı (DÇ) seçmə mərhələsində səfərdə İslandiya ilə keçirəcəkləri oyun öncəsi mətbuat konfransında "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsini Azərbaycan üçün əhəmiyyətli bir uğur olaraq qiymətləndirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis, baş məşqçi Qurban Qurbanov və "Qarabağ"ı təbrik edərək, Azərbaycanın bu nailiyyətlə Avropada daha çox diqqət çəkəcəyini bildirib:
"Başda Qurban Qurbanov olmaqla, "Qarabağ"ı təbrik edirəm. Bu uğur Azərbaycan üçün böyük nailiyyətdir. Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ" üçün asan olmayacaq. Ümid edirəm ki, komandamız bu fürsəti yaxşı qiymətləndirər və Azərbaycanı layiqincə təmsil edər. Mən və bütün ölkə bu uğuru gözləyirik. Ancaq hansı xalları toplayacaqları ilə bağlı fikrimi bildirmək çətindir".
Santuş, millinin heyətinə daxil olan qapıçılarla bağlı da fikirlərini bölüşüb və rəqabət mühitinin vacibliyini vurğulayıb:
"Rəqabət mühitində özünü göstərməyən futbolçu məni narahat edə bilər. Hər bir futbolçunun komandasında şans qazanmasını istəyirəm, amma bu, reallıqdır və biz ona uyğun hərəkət etməliyik".
Portuqaliyalı mütəxəssis, millinin hazırlığı haqqında da danışıb və komandanın yaxşı motivasiya ilə çalışdığını qeyd edib:
"Oyunçular çox istəklidirlər, həvəslə hazırlaşırlar. Bu, bizə yaxşı nəticələr əldə etməyə imkan verəcək. Mən və bütün Azərbaycan xalqı qələbə gözləyirik."
Bədavi Hüseynovun milliyə dəvət edilməməsi ilə bağlı da açıqlama verən Santos, hücumçuya böyük hörmət bəslədiyini bildirib, amma hazırkı formada olmaması səbəbindən onu heyətə cəlb etmədiklərini vurğulayıb:
"Bədavi Hüseynova böyük hörmətim var. İstərdim ki, bizimlə olsun. Amma formada olmadığı üçün heyətə dəvət etməmişik. Hazırda kim bizə kömək edə bilərsə, onu da dəvət etmişik."
Məşqçi, İslandiya və Ukrayna ilə oyunlar öncəsi rəqiblərini də təhlil edib. O, İslandiyanı təcrübəli və keyfiyyətli komanda kimi qiymətləndirib və onların hücum gücünü xüsusi olaraq qeyd edib:
"İslandiya təcrübəli və keyfiyyətli komandadır. Xaricdə oynayan futbolçuları var. Topsuz vəziyyətdə aqressiv çıxış edirlər. Oyunlarını izləyib, güclü və zəif tərəflərini analiz etmişik. Hücumda güclüdürlər və 4-3-2-1 sxemi ilə oynayırlar. Ukrayna da çox güclü rəqibdir. İşimiz hər iki komandanı təhlil etməkdir."
Santuş, millinin səfər oyununa hazırlıq məsələlərini də açıqlayıb:
"İslandiya ilə uzun səfər olacaq, bu da komandanın oyununa təsir edə bilər. Ona görə də daha tez yola çıxmağı planlaşdırırıq. Sonra isə Bakıda Ukrayna ilə ev oyunumuza çıxacağıq. Azarkeşlərin dəstəyinə güvənirəm".
Azərbaycan millisi, seçmə mərhələdə sentyabrın 5-də Reykyavikdə İslandiya ilə, sentyabrın 9-da isə Bakıda Ukrayna ilə qarşılaşacaq.