BAKI, 29 avqust. TELEQRAf
Bu gün İctimai Televiziyanın (İTV) fəaliyyətə başlamasından 20 il keçir.
Teleqraf xəbər verir ki, kanal 2005-ci il avqustun 29-da efir həyatına qədəm qoyub. İki onillik ərzində İTV Azərbaycan mediasında özünəməxsus mövqeyini möhkəmləndirib, tamaşaçı rəğbətini qazanacaq layihələrə imza atıb.
Kanalın fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması və ictimai maraqlara xidmət başlıca istiqamətlər kimi seçilir. Bu illər ərzində İTV digər televiziya kanallarından fərqli olaraq ictimai yayım prinsiplərinə əsaslanaraq öz auditoriyasını formalaşdırıb.
Telekanalın efirində nüfuzlu idman yarışları – Futbol üzrə Avropa çempionatları, Olimpiya və Paralimpiya oyunları tamaşaçılara canlı yayımlanıb. Bununla yanaşı, dünyaca tanınmış serialların Azərbaycan dilinə səsləndirilərək təqdim edilməsi, həmçinin lisenziyalı film və cizgi filmlərinin nümayişi də İTV-nin proqram siyasətində mühüm yer tutub.
İctimai Televiziya 44 günlük Vətən müharibəsi zamanı da informasiya cəbhəsində fəal mövqeyi ilə seçilib. Müharibə günlərində kanal operativ və dəqiq məlumatları ictimaiyyətə çatdıraraq media məkanında ön sıralarda olub.
Yeni mövsümdə isə İTV yenilənmiş layihələr, maarifləndirici və informativ proqramlarla tamaşaçı auditoriyasını sevindirməyi qarşısına məqsəd qoyur.
"Teleqraf" İnformasiya Agentliyinin kollektivi bu gün münasibətilə İTV-dəki həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayır.