ain.az, Bizimyol saytına istinadən bildirir.
Foto jurnalist Əhməd Muxtar həbs olunub. O, “Meydan TV” ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Bizimyol.info xəbər verir ki, avqustun 28-də Xətai Rayon Məhkəməsinin qərarı ilə onun haqqında həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 2024-cü il dekabrın 6-da “Meydan TV” əməkdaşları həbs olunduğu gün Əhməd Muxtar da saxlanmışdı. Lakin o, həmin vaxt “Meydan TV” işi üzrə cinayət məsuliyyətinə cəlb olunmamışdı. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə 20 sutka inzibati qaydada həbs olunmuşdu.
Əhməd Muxtar haqqında həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
Bundan başqa, avqustun 28-də “Meydan TV” işi ilə bağlı indiyə qədər həbsdə olan jurnalistlərə əlavə ittihamlar elan edilib. Onlar indiyə qədər Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə həbsdə saxlanılırdı.
Bu gün onlara Cinayət Məcəlləsinin 192.2.2 və 192.2.3 (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (bir qrup şəxs tərəfindən, xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (mütəşəkkil dəstə tərəfindən vergidən yayınma), 320.1 və 320.2 (saxta sənədlər hazırlama və istifadə etmə) maddələri ilə yeni ittihamlar elan edilib.
Qeyd edək ki, Əhməd Muxtarın həbsi ilə “Meydan TV” işi üzrə həbsdə olanların sayı 12 nəfərə çatıb.
Əvvəl dekabrın 6-da “Meydan TV”nin redaktoru Aynur Elgünəş (Qənbərova) və əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs olunub. Daha sonra fevralda “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev), jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre (Qəhrəmanlı) həbs edilib. Mart ayında isə jurnalist Ülviyyə Əli (Quliyeva) da bu cinayət işi üzrə həbs olunub.
Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsində aparılır. Artıq istintaq başa çatıb. Yaxın günlərdə təqsirləndirilən jurnalistlərin özləri və vəkilləri cinayət işinin materialları ilə tanış olacaqlar. Daha sonra cinayət işi baxılması üçüb Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Jurnalistlər özlərini təqsirli bilmirlər. Onlar irəli sürülmüş ittihamların heç birini qəbul etmirlər.
Aytən, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.