Xəbər verildiyi kimi, Ukrayna və Türkiyə prezidentlərinin telefon danışığı olub.
Ukrayna Prezidentli Volodimir Zelenski də özünün “X” hesabında bu barədə məlumat yayıb.
Volodimir Zelenski göstərdiyi dəstəyə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirib.
O, “Rusiyanın hücumlarında Azərbaycan səfirliyi və Türkiyəyə məxsus şirkətin hədəf alındığını” bildirib.
Tərəflər Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması ətrafında fikir mübadiləsi aparıblar.
Ərdoğan qeyd edib ki, Türkiyənin xüsusilə Qara dəniz olmaqla, ümumi təhlükəsizlik təminatında iştirakı yollarının araşdırılması məqsədilə müdafiə naziri Yaşar Güləri təlimatlandırıb.
Qeyd edək ki, 28 avqust tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir.
Bundan başqa Ukraynanın paytaxtı Kiyevdə yerləşən və işə salınmağa hazırlaşan “Bayraktar” zavodu raket atəşinə məruz qalıb. Zavoda iki zərbə endirilib, nəticədə milyonlarla dollarlıq investisiyaya ciddi ziyan dəyib.
APA