AZ

İşgəncəyə məruz qalan azyaşlı ilə bağlı MƏHKƏMƏDƏN AÇIQLAMA

Valideynləri tərəfindən döyülərək körpələr evinə verilən azyaşlının Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə anasının himayəsinə verilməsi və sonra yenidən zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Nəsimi Rayon Məhkəməsindən e-huquq.az-a bildirilib ki, 13.09.2023-cü il təvəllüdlü Musa Rəhimov xalası Şahanə Ağayeva tərəfindən işgəncəyə məruz qaldığı üçün Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli qərarı ilə Körpələr Evinə yerləşdirilib.

Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə anlaqsız vəziyyətdə əməl törətmiş Şahanə Ağayeva barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunub. Bundan əlavə, həmin məhkəmənin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə valideynlər – Rəhimov Sadiq Azay oğlu və Rəhimova Sevinc Telman qızının nikahı pozulub və azyaşlının anasının yanında saxlanılması müəyyən edilib.

Bundan sonra Sevinc Rəhimova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək övladının Körpələr Evindən götürülərək ona verilməsini xahiş edib. Məhkəmə iclasında 1 saylı Körpələr Evinin nümayəndəsi iddia tələbinə etiraz etməyib, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi isə uşağın valideyn himayəsinə qaytarılmasına hüquqi məhdudiyyət olmadığını bildirib.

Nəticədə Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə Musa Rəhimovun Körpələr Evindən alınaraq anası Sevinc Rəhimovaya verilməsi qərara alınıb.

Xatırladaq ki, azyaşlının valideynləri şübhəli şəxs qismində saxlanılıb.

Sosial Xidmətlər Agentliyindən bildirilib ki, hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub.

Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək müvafiq körpələr evinə yerləşdiriləcək.

Seçilən
18
16
hurriyyet.az

10Mənbələr