AZ

“Ermənistanda konstitusiya dəyişikliyi qaçılmazdır” – Abutalıb Səmədov

“Ermənistan hakimiyyəti sülh sazişinin imzalanması üçün konstitusiya dəyişikliklərinin aparılmasını, daha doğrusu yeni konstitusiyanın qəbulunu zəruri sayır. Eyni zamanda bildirir ki, yeni konstitusiya Azərbaycanın tələbi ilə qəbul olunmur. Ermənistan ictimaiyyətinə məlumdur ki, konstitusiyada müəyyən müddəalar dəyişdirilmədən Azərbaycan sülh sazişini imzalamaq fikrində deyil. Bu səbəbdən Ermənistan hakimiyyəti yeni konstitusiyanın qəbulunu zəruri hesab edir və vurğulayır ki, bu addım Azərbaycanın tələbi ilə atılmır. Konstitusiyanın qəbuluna qarşı olan, Zəngəzur dəhlizinin açılmasına etiraz edən qüvvələr Ermənistanda hələ də mövcuddur və bunlar əsasən Rusiya meyilli qüvvələrdir. Rusiya bu qüvvələri fəallaşdıraraq ya parlament seçkilərinə qədər Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasını, ya da seçkilərdə onun qələbəsinin qarşısının alınmasını hədəfləyir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Xatırladaq ki, son zamanlar Ermənistanın açıqlamaları bir-birini təkzib edir ki, bu da ölkənin qeyri-müəyyən siyasət yürütməsini göstərir. Baş nazir Nikol Paşinyan bir neçə dəfə bildirib ki, konstitusiyada dəyişikliklərə ehtiyac var və bu istiqamətdə müəyyən addımlar artıq atılıb. Lakin Ermənistan hökuməti həm xarici, həm də daxili təzyiqlər arasında qalır. Xüsusilə sülh prosesi, Zəngəzur dəhlizi və sərhədlərin açılması kimi məsələlər ölkədə narazılıq yaradıb. Buna görə də hökumət bəzən daxili ictimaiyyəti sakitləşdirmək məqsədilə fərqli açıqlamalar verir.

Siyasi şərhçi bildirib ki, hökumət bütün bu amilləri nəzərə alaraq Ermənistan cəmiyyətində dəstəyini artırmaq üçün bəyanatlar verməyə məcburdur.

“Digər tərəfdən, Ermənistan iqtisadi cəhətdən Rusiyadan çox asılıdır. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. Rusiyada 500 mindən artıq erməni yaşayır və onlar ötən il Ermənistana təxminən 3 milyard dollardan çox pul köçürüblər. Ermənistanın əsas müəssisələri ya Rusiyanın mülkiyyətindədir, ya da onun idarəçiliyinə verilib. Həmçinin, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiyanın hərbi qüvvələri qoruyur. Buna görə də qərbə yaxınlaşmaq xəttini götürən Ermənistan Rusiyadan asılılığını nəzərə almaq məcburiyyətindədir. Bu vəziyyət Ermənistan hakimiyyəti üçün kifayət qədər çətinlik yaradır və Rusiyadan olan asılılıqdan necə çıxacağı ciddi suallar doğurur. Xarici təzyiqlər, xüsusən konstitusiya dəyişiklikləri və Zəngəzur dəhlizinin açılması ilə bağlı, əsasən Rusiyadan gəlir. Ermənistan hakimiyyəti bu təzyiqlərin qarşısında indiyədək dayana bilib və hakimiyyətini qorumağı bacarıb. Çox güman ki, parlament seçkilərinə qədər Rusiya istədiyinə nail olmayacaq və Paşinyanın partiyasının qalib gəlmək şansı yüksəkdir. Parlament seçkilərindən sonra isə ilin sonunda yeni konstitusiya qəbul ediləcək və Azərbaycanla sülh sazişi imzalanacaq. Bu müddət ərzində Ermənistan hakimiyyətini ciddi mübarizə gözləyir. Ümid edək ki, Paşinyan hökuməti bu mübarizədən qalib çıxacaq, çünki bu həm də Azərbaycanın maraqlarına uyğundur”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
1
aznews.az

1Mənbələr