AZ

Orta Dəhlizin uğurlu fəaliyyəti üçün üzv ölkələr arasında koordinasiya əsas şərtdir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 28 avqust, AZƏRTAC

Orta Dəhlizin uğurlu fəaliyyəti üçün üzv ölkələr arasında koordinasiya əsas şərtdir.

Bunu AZƏRTAC-a müsahibəsində iqtisadiyyat və nəqliyyat üzrə tacikistanlı ekspert, Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının sədri Larisa Kislyakova bildirib.

“Əgər tənzimləyici qurumlar, gömrük orqanları, nəqliyyat idarələri səviyyəsində koordinasiya edilmiş qarşılıqlı fəaliyyət olmasa, marşrutun sabitliyi və səmərəliliyindən danışmaq çətindir. Biz, avtomobil daşıyıcıları olaraq, bütün dəhliz üzrə tranzit məsələlərini tənzimləyəcək vahid Koordinasiya Şurasının yaradılmasını təklif edirik. Nümunə kimi Azərbaycan Tranzit Şurasını göstərmək olar. Bu uğurlu modeli bütün marşruta tətbiq etmək mümkündür”, – deyə Larisa Kislyakova vurğulayıb.

Onun sözlərinə görə, bu gün əsas problemlərdən biri hər bir ölkə üzrə tətbiq edilən “icazə sistemi”dir. Mərkəzi Asiyadan Avropaya avtomobil daşımaları zamanı bütün zəruri sənədlərin əldə olunması asan məsələ deyil. Gecikmələr, inzibati maneələr və əlavə bürokratiya ortaya çıxır. Məsələn, son vaxtlar Gürcüstan Avropa tranzit sisteminə qoşulub və indi sürücülər əlavə olaraq Avropa tranzit bəyannaməsi də doldurmalıdırlar. Bu da yüklərin hərəkətini ləngidən əlavə “dar boğaz”dır.

“Perspektivlərə gəldikdə isə onlar kifayət qədər böyükdür. Hazırda Orta Dəhliz vasitəsilə Çindən Avropaya əsasən dəmir yolu ilə yüklər daşınır. Burada Mərkəzi Asiya ölkələrinin, xüsusilə də avtomobil daşımaları sahəsində iştirakının genişlənməsi üçün böyük potensial görürük. Lakin bir məqam var, belə ki, Qazaxıstandan başqa Mərkəzi Asiya ölkələri hələlik Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) assosiasiyasının üzvü deyillər. Bu səbəbdən də onlara assosiasiyanın təqdim etdiyi güzəşt və üstünlüklər şamil olunmur. Əgər biz Çindən və Avropadan daha çox yük cəlb etmək istəyiriksə, infrastrukturun inkişaf etdirilməsi, inzibati baryerlərin aradan qaldırılması və bütün iştirakçılar üçün bərabər şərtlərin təmin olunması vacibdir. Yalnız bu halda Orta Dəhlizi həqiqətən də rəqabətqabiliyyətli marşruta çevirmək mümkündür”, – deyə ekspert əlavə edib.

Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinlə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri vasitəsilə birləşdirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
azertag.az

3Mənbələr