Bakı, 28 avqust, AZƏRTAC
Türkmənistan Elmlər Akademiyası tərəfindən Türkmənistanın bitərəfliyinin 30 illiyi və ölkədə “Beynəlxalq Sülh və Etimad İli” elan edilməsi münasibətilə Aşqabad şəhərində “Sülhün və davamlı inkişafın gücləndirilməsində elmin rolu” mövzusunda beynəlxalq vebinar keçirilib. Vebinarda Türkmənistanla yanaşı, Azərbaycan, Çin, ABŞ, Böyük Britaniya, Yaponiya, Rumıniya, Özbəkistan, Qazaxıstan, Belarus və Tacikistan alimlərinin 50-dən çox məruzəsi dinlənilib.
Beynəlxalq vebinarın plenar iclasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “Dostluq və etimad: Azərbaycan-türkmən ədəbi əlaqələri timsalında” adlı geniş onlayn məruzə ilə çıxış edib.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, direktor müavini Mehman Həsənli çıxışında hər iki xalqın ortaq tarixi köklərindən bəhs edib.
Məruzədə ötən əsrin əvvəllərindən formalaşan və bir əsrdən çox müddətdə zəngin inkişaf yolu keçən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrindən danışılıb. Mehman Həsənli çıxışında müstəqillik illərində qarşılıqlı ədəbi əlaqələrin daha geniş vüsət aldığını diqqətə çatdırıb. Xüsusilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqinin adını daşıyan Türkmənistan Ədəbiyyat Mərkəzinin fəaliyyət göstərdiyini, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə institutda türkmən ədəbiyyatının və onun görkəmli klassiki Məhtimqulu Fəraqi irsinin öyrənilməsi istiqamətində bir sıra beynəlxalq elmi konfrans və sessiyaların keçirildiyini, monoqrafiya və kitabların nəşr edildiyini bildirib.