AZ

Prezidentin müsahibəsi Rusiyada böyük rezonans doğurub

Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərabiyyə” telekanalına verdiyi müsahibə Rusiya mediasında böyük rezonans doğurub.

Dövlət başçısının 1920-ci ildə rus ordusunun Azərbaycanı işğal etməsi barədə tarixi faktlara əsaslanan fikirləri Moskva mətbuatında kəskin reaksiyalarla qarşılanıb.

Belə ki, Rusiya KİV-ləri dövlət başçısının çıxışı zamanı tarixi reallıqları səsləndirməsi ilə bağlı hücum xarakterli yazılar dərc edirlər.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tarixçi alim Zaur Əliyev bildirib ki, cənab Prezidentin bu müsahibəsini son bir ildə verilmiş ən güclü müsahibələrdən biri hesab edirəm. 

O qeyd edib ki, dövlət başçısı bu çıxışında həm konkret problemlərə toxundu, həm də tarixi reallıqları açıq şəkildə ortaya qoydu:

“Bu günə qədər Azərbaycanda alimlərin, ziyalıların, jurnalistlərin və müxtəlif sahələrdə fəaliyyət göstərən insanların qorxa-qorxa dilə gətirdiyi fikirləri cənab Prezident açıq şəkildə ifadə etdi.

Çıxışda mənim diqqətimi üç önəmli məqam diqqətimi çəkdi. Birincisi, Rusiyanın açıq şəkildə işğalçı adlandırılması idi. Bu günə qədər Azərbaycanda “5-ci kolon”a xidmət edən qüvvələr, hansı ki, onların arxasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov və digərlərinin rəhbərlik etdiyi çevrələr bu ifadənin elmi işlərdə, məqalələrdə, konfranslarda işlədilməsini qadağa etmişdilər.

Mən bir alim kimi bunun canlı şahidi olmuşam. Doğrudur, Ramiz Mehdiyevə tabe olmayan, ona qulaq asmayan ziyalılarımız və alimlərimiz dəfələrlə yazılarında və kitablarında Rusiyanın işğalçı olduğunu qeyd ediblər. Amma ictimaiyyət qarşısında daim çıxış edən, dövlət tədbirlərinə dəvət olunan, müsahibələr verən bəzi şəxslərin dilindən bu söz heç vaxt eşidilmirdi.

Səbəb “5-ci kolon”un, Ramiz Mehdiyevin və Əli Həsənovun yaratdığı qorxu idi. Lakin cənab Prezident bu müsahibəsində illərlə Azərbaycanın vətənpərvər ziyalılarının, milli ideya adamlarının dediklərini təsdiqlədi və Rusiyanın Azərbaycan xalqına yaşatdığı faciələri açıq şəkildə göstərdi”.

Zaur Əliyev vurğulayıb ki, bu, Azərbaycandakı “5-ci kolon”a böyük bir zərbə oldu:

“Dövlət başçısının çıxışı Rusiyanın və Azərbaycandakı “5-ci kolon”un illərlə yaratdıqları konseptual sistemi yerlə-yeksan etdi. Hesab edirəm ki, bu Rusiyanın özündən daha çox Azərbaycanda olan “5-ci kolon”a böyük zərbə oldu.

Prezident Azərbaycanda Rusiyanın“5-ci kolon”un başında duran və ona xidmət edən insanların ağzından vurdu. Açıq şəkildə bildirildi ki, “Rusiya işğalçıdır!”. Bu, həm tariximizin üzərindəki pərdəni qaldırdı, həm də yeni siyasi reallığın əsasını qoydu”.

O bildirib ki, Prezident Azərbaycan Xalq Cümhuriyyətinin də adını və nüfuzunu bərpa etdi:

“Nəsib bəy Yusifbəylinin dediyi kimi, Azərbaycan Cümhuriyyəti Şərqdə ilk müsəlman və demokratik dövlət idi, insan hüquqlarına və vətəndaş cəmiyyətinə üstünlük verən bir dövlət qurmuşdu.

Bu dövləti Rusiya işğal etdi və ona xidmət edən “5-ci kolon” üzvlərinin xəyanəti nəticəsində müstəqilliyimiz əldən getdi. Tarix göstərdi ki, həmin dövrdə Rusiyaya arxalananlar, onun yalan cədlərinə inananlar Musabəyovlar, Bünyadzadələr, Nərimanovlar, Ayna Sultanovalar və başqaları sonda represiya qurbanı oldular.

O şəxslər ki, Rusiyanı öz çiynində Azərbayacana gətirmişdi onların hamısı güllələndi və cənab Prezident bu çıxışı ilə indiki “5-ci kolon”a bir mesaj verdi ki, Azərbaycanı 1920-ci ildəki Azərbaycan hesab eləməyin. 

Biz o zamankı Azərbaycan deyilik. Bu gün Azərbaycanın beynəlxalq əlaqələri, diplomatik çəkisi, güclü dövlət dayaqları var. Bununla cənab Prezident bunu Rusiya ilə yanaşı Azərbaycanda Sovet sevdası ilə yaşayan “5-ci kolon”un bütün nümayəndələrinə mesaj verdi.

Göstərdi ki, nə qədər çalışsanız da sizi də eyni tale gözləyir. Çünki Rusiya işğalçıdır. Rusiya heç bir zaman onu hakimiyyətə gətirən gücləri bağışlamadı. Necə ki, ötən əsrdə onların hamısı represiyanın qurbanı oldular. Cənab Prezident onlara bu mesajı verdi. Biz əvvəlki 1920-ci ildəki Azərbaycan deyilik. Biz müasir və beynəlxalq münasibətləri olan, böyük dövlətlərin özünə bərabər qəbul etdiyi bir dövlətik.

Rusiyanı işğalçı adlandırmaqla Prezident ortadakı faktlar, dəlil və sübutlar bu həqiqəti tam çılpaqlığı ilə ortaya qoydu ki, bəli, biz işğal olunmuşuq. Bizi Rusiya işğal edib. Rusiyanın işğalçılıq dövrü tarixdə dəfələrlə, xanlıqlar dövründə, cümhuriyyət dövrümüzdə olub.

Prezident cəmiyyətə mesaj verməyə çalışdı ki, Rusiya ilə biz nə qədər diplomatik münasibətlər qurmağımıza baxmayaraq onlar işğalçıdırlar. Onlar bizə və regiona qarşı işğalçı siyasət yeridirlər.

Prezident Azərbaycan Xalq Cümhuriyyətinin adını və şərəfini bərpa etdi. Cümhuriyyətin adına atılan ləkələri sildi. Dövlət başçısı yalnız Rusiyaya cavab vermədi, eyni zamanda bu gün “5-ci kolon”a xidmət edənlərin Nəsib bəy Yusifbəyliyə, Xan Xoyskiyə və digərlərinə böhtan atanların, həmçinin parlamentdə təmsil olunan bəzi deputatların, siyasi-ictimai xadimlərin, politoloqların və tarixçilərin iddialarına da cavab verdi.

O, Cümhuriyyətimizin haqqını qorudu və göstərdi ki, Azərbaycan Cümhuriyyətinin süqutu könüllü şəkildə deyil, məhz Rusiyanın zorakı işğalı nəticəsində baş verib. Bu, çox böyük bir mesaj idi”.

Onun sözlərinə görə, Prezidentin çıxışında ikinci diqqətçəkən məqam isə İranla bağlı mesajı oldu:

“Dövlət başçısı açıq şəkildə bildirdi ki, İranın mollalarının, xomeyniçilərin fikri onun üçün sıfıra bərabərdir. Prezident vurğuladı ki, Azərbaycan yalnız dövlətlə əlaqələr qurur və mollaların mövqeyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bu, həm Rusiya, həm də İrana xidmət edən “5-ci kolon” nümayəndələrinə ciddi xəbərdarlıq idi.

Bundan sonra Azərbaycanda Rusiyanı dost və ya mehriban qonşu, eləcə də İran mollalarını, xomeyniçiləri dost və qardaş hesab edənlər yadda saxlamalıdırlar ki, onların fikri bizim üçün sıfıra bərabərdir.

Prezidentin həmin müsahibəsi yeni bir Azərbaycanın bünövrəsini qoydu. Biz artıq düşmənlərimizi bilirik: işğalçılar və xomeyniçi mollalar”.

O vurğulayıb ki, dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır:

“Əslində bizim Rusiya ilə bir problemimiz yox idi. Bunu cənab Prezident özü də vurğuladı. Onlar bizim təyyarəmizi vurdular, diasporumuza qarşı terror siyasəti həyata keçirirlər, oradakı azərbaycanlılara qarşı vəhşicəsinə davranırlar.

Prezident orada yaşayan həmvətənlərimizin hüquqlarını qoruyur. Eyni zamanda, Konstitusiyada və qanunlarda nəzərdə tutulan bütün müddəaları icra edərək vətəndaşların yanında olduğunu göstərir. Bu, çox ciddi bir mesajdır.

Artıq bütün dünya azərbaycanlıları, harada yaşamalarından asılı olmayaraq, arxasında güclü bir Azərbaycan dövlətinin dayandığını görəcək. Cənab Prezident bu mesajı da verdi. Hesab edirəm ki, bu müsahibə tarixə qızıl hərflərlə yazılacaq”.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr