AZ

Rusiya mediasından Azərbaycana qərəzli hücum

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub, onu işğal etdi”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.  

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, 1917-ci ildə Rusiya imperiyasının süqut etməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradılıb:

“Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq, onu işğal etdi.

1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”.

Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi”.

Prezident Qərbi Zəngəzurun Azərbaycandan necə qoparılmasından da danışıb:

“Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında Sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan.

Qərbi Zəngəzur isə onların arasında qaldı. Sovet dövründə bu, problem deyildi, çünki sərhədlər yox idi, müharibə də yox idi. İnsanlar avtomobillə və ya dəmir yolu ilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə gedə bilirdilər.

Amma Ermənistan Azərbaycana qarşı təcavüzə başlayandan sonra bu əlaqə xəttini kəsdi. Ermənilər dəhlizi bağladılar”.Qeyd edək ki, bu fikirlərdən sonra Rusiya mətbuatı ölkəmizə qarşı “hücuma keçib”. Çünki Rusiyanın zamanında Azərbaycanı işğal etdiyi reallığının səslənməsini həzm edə bilmirlər.

Düşünürlər ki, nələrsə deyilməyəndə onlar yaşanmamış sayılır. Lakin reallıq tamam fərqlidir. Prezident İlham Əliyev də məhz bu reallıqdan danışıb.

Rus mediası buna görə kampaniya başlatmaq əvəzinə öz tarixlərindən utanmalıdırlar. Ümumiyyətlə, son zamanlarda Rusiya ölkəmizə qarşı “informasiya müharibəsi” aparır.

Milli Məclisin deputatı Elnarə Akimova “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev reallığı dünyanın diqqətinə çatdırıb:

“Biz artıq Rusiyanın 1920-ci ildə Azərbaycanı işğal etdiyini bir əsrdir ki, deyirik. Kimsə bu reallığı dana bilməz. Dövlətimizin başçısının fikirləri tarixi faktlara və reallıqlara söykənir.

Həmin dönəmdə yaşananları ötən bir əsrdə fərqli şəkildə dəyişməyə təqdim etsələr də, reallıqlar dəyişmir. Yəni birbaşa Rusiya ordusu 1920-ci ildə Azərbaycanı işğal edərək müstəqilliyimizə xitam verdi”.Millət vəkili xatırladıb ki, ruslar əlifbamızı və dilimizi dəyişdirdilər:

“Kreml bununla bizi milli kökümüzdən uzaq salmağa çalışdı. Dilimizə, dinimizə, milli varlığımıza qarşı həmlə etdilər. Ona görə də reallıqları eşidəndə çığır-bağır salmamalıdırlar.

Həqiqətləri olduğu kimi qəbul etmək və bundan dərs çıxarmaq lazımdır. Rusiya narazı olmaq yerinə neqativ obrazına müəyyən çalarlar artırsa, dünyada müsbət imic qazanmasına daha böyük fayda gətirər”.

Elnarə Akimova vurğulayıb ki, rus mediası Azərbaycan Prezidentinin, siyasətçilərinin və ya millət vəkillərinin çıxışlarında Rusiya əleyhinə hansısa ifadə olanda bunu böyük bir qalmaqal predmetinə çevirməyə çalışır:

“Hərçənd ki, Azərbaycan Rusiya daxil olmaqla, bütün dövlətlərə sülh kontekstində və dostluq çərçivəsində yanaşır. Ancaq biz özümüzə qarşı adekvat mövqeyi görmürük. Prezident də dəfələrlə Rusiyanın etdiyi müəyyən səhvləri deyir.

Azərbaycan Rusiya ilə hər zaman balanslı siyasət yürütməyə çalışır. Lakin rus mediası son zamanlarda sistemli şəkildə ölkəmizə qarşı qarşı qarayaxma kampaniyası aparır. Onlar hər fürsətdə əsassız ittihamalarla Azərbaycanı hədəf göstərirlər”.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Azərbaycan Rusiya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr