AZ

“Bayıldan bayıra”dakı bütün hekayətlərdə mən özüm varam”

"Müsahibə həftəsi" rubirkasının bu dəfəki qonağı - dənizin də, sözün də sirlərini bilən şair, publisist, kapitan Faiq Balabəylidir.

- Xoş gördük Faiq müəllim, sizi bir çoxları sözün kapitanı, dənizin şairi kimi tanıyır. Mən də sizi həm publisist, həm kapitan, həm də poeziya yolçusu olaraq təqdim etdim. Bəs siz özünüz-özünüzü necə təqdim edərsiniz?

-Xoş göründük, Aysel xanım. Vallah, heç bilmirəm necə özümü təqdim edim. Dostlarım üçün yaxşı dost, nəvələrim üçün qayıkeş baba... ailə başçısı, ata kimi də qonum qonşu, məni tanıyanlar haqqımda xoş sözlər deyirlər. Şairəm, jurnalistlik fəaliyyətimdə də kifayət qədər tanınan imza sahibiyəm, gəmi kapitanıyam, siz bunları dediniz. Vallah çətinlik çəkirəm, necəyəmsə şeirlərimdə və digər janrda yazdığım əsərlərdə eləcə də təqdim olunuram. Bax, görürsünüz , demə çətin sual imiş bu.

- Sizcə, insan öz ömrünü özü yazır, yoxsa həyat ona hazır bir ssenarini təqdim edir?

- Çox deyiblər ki, insan dünyaya gəlməzdən öncə onun ömür yolu, taleyi yazılır və kodlaşdırılmış bir ömür yaşayırıq. Bu "kodlaşdırılmış" ömürdə də hər kəs əməli, düşüncəsi, təfəkkürü ilə özü özünün ömrünü yazır, deyə bilərik, demək olar. Amma bu da yəqin ki, o gizlin kodun şüfrələrini açmaq olsa, görərik ki sürdüyüm, yaşadığımız nələr varsa alın yazısı kimi yazılıbmış.

- Kitablarınıza, xüsusən də 'Bayıldan bayıra' və 'Yaşıl yuxulu dəniz'ə baxanda insan hiss edir ki, bu yazılar bir az da yaşanmış həyatdır. Yazdıqlarınızı yaşayırsınız, yoxsa yaşadıqlarınızı yazırsınız?

- Bir az yox, tamam yaşadığım həyatdır. "Bayıldan bayıra" dakı bütün hekayətlərdə, kitaba daxil olan "Lənətlənmiş həyat" romanında da mən özüm varam. Baxmayaraq ki, bu hekayətlərin real qəhrəmanları var, heç biri yazıçı təxəyyülünün bəhrəsi deyil. Lakin bununla yanaşı o qəhrəmanların həyata baxışında, çəkdikləri iztirabda, yaşadıqları ağrılarda, sevinclərdə mən varam. "Lənətlənmiş həyat"dakı Məmməd həm mənəm, həm də həbsdə olan bir neçə nəfərin ümumiləşdirilmiş obrazıdır. Eləcə də "Yaşıl yuxulu dəniz", "Yağışdan sonra", "Bir ovuc kədər" və digər kitablarımda da müşahidələrim və əlbəttə ki, özümün yaşantılarımdır ki, qələmə alınıb.

- Sizcə, şeir insanın daxilindəki boşluğu doldurmaq üçündür, yoxsa o boşluğun varlığını daha dərindən hiss etdirmək üçün?

-Əslində şeir insanın daxilinə dolmuş, onu tərk etməyən fikirlərin boşalmasıdır. Yazırsan, sanki ürəyində çiyinlərindən, yəni ürəyindən bir yük götürülür. Yüngülləşirsən, sakitləşirsən, rahat nəfəs alırsan. Həm də yaşantılarını oxuyanlara bu vasitə ilə təqdim etməklə özünü də təqdim etməkdir. Yaşantılarını başqalarına da yaşatmaqdır.

- Ədəbiyyat siyasətdən uzaq durmalıdır, yoxsa onun içində olub zamana mövqe bildirməlidir?

-Ədəbiyyat heç vaxt siyasətdən uzaq olmayıb. Nədən yazırsan yaz, onun da bir siyasi çaları, bənzətməsi olur. Lirikad da, vətənpərvərlik mövzusunda da, təbiətin təsvirində də...

- Sizcə, ədəbiyyat mükafatları istedadı tanıyır, yoxsa zamanın və münasibətlərin diktə etdiyi səsi seçir?

- Çox eşitmişik, kimsə xalq şairi fəxri ada layiq görülüb, lakin sıradan bir şair olaraq yazıb. Amma xalqın dilində həm də belə ifadə var, filankəs xalqın şairidir. Ən böyük mükafat xalqın, oxucunun sevgisi, rəğbətidir. Bu baxımdan hansısa mükafatlar münasibətin diqtəsi ilə seçilib verilir, deyə bilərik. Amma, ədəbiyyat, əlbəttə ki, istedadı tanıyır və elə həmin istedadlılarla da tanınır. Bizim Azərbaycan ədəbiyyatında kifayət qədər qələm adamı var ki, dünya ədəbiyyatı sıralamasında yer tuta bilər, qalıb onları tanıtmaq, çevirmək, yaymaq və təbii ki oxutmaq.

- Müstəqil.az-ı yaratmaq ideyası haradan və necə doğdu? Bu yolda sizi motivasiya edən əsas səbəb nə idi?

-Müxtəlif qəzetlərdə, saytlarda işləmişəm. Baş redaktor da olmuşam, repartyor da. Müstəqil.Az saytını artıq 9 ildən çoxdur ki, yaratmışam və bu saytda həm ölkədə, həm də ölkədən kənarda baş verən, Azərbaycan oxucusuna, vətəndaşına çatdırılması gərək olan matrealları, xəbərləri və digər koteqoriyadan olan yazılara yer veririk. Həm də dostların, xüsusi ilə də gənclərə bir tribunadır. Bəzi saytlar, qəzetlər elə imzalara yer verir ki, o imzalar artıq oturuşub, oxucusu, sevəni, gözləyəni var, gənclərdən bəhs etmək istəyəndə isə, o hələ tanınmır, deyirlər. Mən də çalışıram həmin imzalara yer verək ki, tanınsınlar. 

-"Reytinqli olmaq" uğrunda yazı yazmaq sizcə jurnalistikanın ruhunu, obyektivliyini öldürürmü?

- Bilirsiniz, jurnalistin peşəsi yazmaqdır, yetər ki, yazdığı yazı da riyakarlıq olmasın, redaksiyanın tapşırığ, yaxud özünün qəlbinin diqtə etdiyi mövzu olsun, gözəl yazılacaqsa, dilin imkanlarından yerində istifadə ediləcəksə bu, elə müəllifinə, çalışdığı redaksiyaya reytinq gətirəcək. Yox, əgər maraq bir yazı ilə fərqlənmək, reytinq qazanmaq uğrunda qələmə alınırsa, əlbəttə sizin təbirinizcə desək, jurnalistikanın ruhunu, obyektivliyini öldürəcək.

-Azərbaycan mediasında sizi ən çox narahat edən nədir? Nəyi dəyişmək istərdiniz?

- Əlbəttə xidmətçi olmağı, barmaq işarəsi ilə yazmağı, hansısa komandanın yaxud kiminsə "komandanlığını" buyruğunu gözləməyi, elə Medi Reystrindən də fərqləndirilən, hakimiyyətin ruporu olan sayt və qəzetlərə daha çox diqqət verməyin, qarşısını bacarsaydım alardım. Elə saytlar var ki, həftəlik oxucusu Müstəqilin bir günlük oxucu sayında iki dəfə azdır, amma MEDİ agentliyi tərəfindən hətta maliyələşdirilir də. 

-Dənizçi olmaq həyatla savaşdır, şair olmaq isə içindəki duyğularla... Sizin üçün hansı daha çətin olub - fırtınalı dənizi idarə etmək, yoxsa fırtınalı ruhu?

- Mənim üçün hər iki sahədə çətin anlar olub. Xüsusi ilə dənizdə. Nə qədər peşəkar olsan da, dənizi bilsən də yaranan çətinliklərdən baş çıxartmaq, hansısa yarana biləcək faciədən qurtulmaq, bu bilgilərin, peşəkarlığın vasitəsi ilə, çətinliklə də olsa qurtula bilirsən. Baxmayaraq ki, sən fırtınanın, anormal hava şəraitindəsən, təbiət az qala səninlə qəsdə girib. Lakin, ruhun fırtınası adlandırdığınız yaradıcılıq müstəvisinə gəlib çıxan ikinci haldan bəzən ürəyin istəyən kimi qurtula bilmirsən, yazmaq istdiyin, ruhuna hakim kəsilən hissi, ruhunu oxşayacaq səviyyədə araya-ərsəyə gətirmək mümkün olmur. Deyim ki, şeir yazmaq mənə verilən hər hansı tapşırıq deyil, yazmaq gərəkirsə, hər hansı bir şeirlə oxucu zövqünü oxşaya bilərəmsə, düşüncəsi məndə əminlik yaradarsa, yazdıqlarımı açıq dənizə - oxucu qarşısına çıxararam

-Dəniz bir gözəl üzüdür,
xaldı tənha adaları.
Dəniz xallı gözəl kimi
hey aldadır adamları.
- Bu gözəl misraların müəllifi olaraq dəniz həyatının sizə verdiyi ən böyük dərs nə olub
?

-Bir şeirim var, 

Dəniz elə həməkidir, 

gah mülayim, üzə gülər.
gah da dönüb ölüm olar,

bizi güdər...

dənizdən çox dərs almışam, yaşamaq üçün mübarizə aparmağı, çətinliyə, tənhalığa, təkliyə dözməyi, dostların özünün də xəbərin olmadan seçildiyini və eləcə də gözləmədiyin anda, gözləmədiyin kimsədən aldığın, qarşılaşdığın xəyanətin şokundan özünü itirməməyin dərsini. Dənizdə müxtəlif hava şəraiti ilə üzləşə bildiyin kimi, sakit, məsum bildiyin kimsədən içindəki qəəbini, paxırını, başqasının uğuruna diş qıcamağı ğzünə rəva görənləri də görürsən.
Lakin, dəniz mənim üçün doğmadır. Dəniz mənim üçün ilahi bir varlıqdır, özümü təsdiqdir. Sizin misal gətirdiyiniz şeirdə olduğu kimi dəniz bir cilvəli xanım kimi, məni "aldad", özünkiləşdirə bilir. Dənizə çox şeirlər yazmışam, hər anına, hər üzünə, hər halinə. Azərbaycanda, eləcə də ədəbiyyatları ilə maraqlandığım ölkələrin heç birində heç bir şair dənizi mənim qədər vəsf etməyib, dənizlı dostluğu olmayıb.

-Dəniz kimi dəyişkən və dərin bir həyatda, insanın sabit qaldığı yeganə sahil nədir sizcə - vicdan, yaddaş, yoxsa sevgi?

-İnsanın sabit qaldığı onun xarakterindən irəli gələnlər ola bilməlidir. Onun vicdanı varsa, demək hər bir şeyə obyektiv yanaşmalıdır. Və əlbəttə yaddaşı da möhkəm olmalı, sevgisi də təmiz olmalıdır. İndi durub bunları ayrmaq, dediyiniz təkcə sahildə qalmaq, düşünürəm alınmayacaq. İnsanın əqidəsi təmiz düz olmalıdır, bu hər kəsdə belədirmi, Əlbəttə ki yox. Ona görə də xarakterinə uğun olaraq kim hansı sahilə yan ala bilirsə, yan alsın.

-Dənizdə keçirdiyiniz illər sizə insan təbiəti haqqında hansı gerçəkləri öyrətdi? Həyat və insan xarakteri ilə bağlı dənizin sizə verdiyi ən real dərs nə olub?

-Bilirsiniz, dəniz müxtəlif vaxtlarda müxtəlif hava şəraitində özünü müxtəlif formada göstər bilir. İnsan şəraitə uyğunlaşmalıdır, dfənizlə dost olmaq olar, amma bu dostluq o  zaman baş verəcək ki, sən dənizi öyrənəcəksən, tanıyacaqsan və bütün məqamlarda da ehtiyyatlı olacaqsan. İnsanların xarakteri, təbiəti isə daha qorxuncdur. Dənizdə öyrəndiklərin sahildə sənin dadına çata bilər. Məsələn, çevik ağıl, vəziyyətdən çıxış yolu, ağrı-acıya dözmək, gözlənilmədən olunan həmlə, dost xəyanəti və bunlardan baş çıxarmaq. Mənim dənizdən baldığım real dərslər bu olub, o müxtəlifliyi, həyacanı, qasırğanı, təhdidi dənizdəki situasiyalardan baş çıxararaq insanların əməllərindən, hiylə məkrlərindən salamat çıxmağa vərdiş etmək, öyrənmək və mübarizə aparmağı bacarmaq.

-Kapitan olmaq məsuliyyətdir, şair olmaq isə duyğuların yükünü daşımaq... Həyatınız boyu bu iki 'yük'dən hansı daha ağır gəlib?

Gəmi kapitanı olmaq doğurdanda çox məsuliyyətli işdir. Gəminin dor ağacında ucalan bayraq gəminin ərazisini məhz həmin ölkənin ərazisi kimi tanıdır və buna rəhbərlik etmək, ölkənin hansısa hissəsinin tam rəhbəri olmanı bildirir. Ağırdır, şərəflidir, məsuliyyətlidir və sair... şairlik isə duğuların yükünü daşımaqla yanaşə həm də o yükdən azad olmaqdır, yüngülləşməkdir. Mənə hər iki "yük" sambalı ilə xoş olub və xoşdur da.

- Sizin çox qayğıkeş baba olduğunuzu eşitmişik. Sosial şəbəkələrdə nəvələrinizlə paylaşdığınız görüntülər də bunu bir daha təsdiqləyir. Uşaqlıqda babalarla keçən vaxtın əvəzsiz olduğu deyilir. Bəs siz nəvələrinizə hansı xatirələri və dəyərləri miras qoymaq istəyirsiniz?

-Mənim nəvələrim mənim bitməyə yaxınlaşan ömrümün davamçılarıdır. Arzularımın gerçək olmasıdır, hansı ki, mən hansısa həyata keçməyən arzumu məhz onlar həyata keçirsin deyə düşünmür və onlara belə bir miras qoymuram. Onların istəklərinə çatmaları mənim ruhumun dincliyi olacaq.

-Faiq müəllim, sonda bir az da şəxsi bir sual: Öz qələmindən çıxmış onlarla şeir içində ən çox sevdiyiniz, sizi ən yaxşı ifadə edən şeir hansıdır? İcazənizlə müsahibəni həmin şeirlə başa vurmaq istərdik.

-Vallah, mən durum hansısa şeirin adını çəkim, digərləri inciyər. Ona görə, Aysel xanım sizdən xahişim, siz mənim hansı şeirimi bəyəndinizsə, elə onunla da bitirin

- Məmnuniyyətlə, icazəniz olarsa, çox bəyəndiyim "Bağışla məni" şeiri ilə müsahibəmizi yekunlaşdırmaq istərdim. Səmimi və dəyərli söhbətə görə sizə təşəkkür edirəm, Faiq müəllim.

Bağışla məni

Uzaq bir adada tək qalsan əgər
başının üstündə uçsa qağayı
ətrafı yosunlu çopur bir qaya
yorğun kürəyinin olsa dayağı
gözlərin dikilib lap uzaqlara
üzən bir gəminin xəyalın etsə
özünü, üzünü sürtüb qumlara
səndən uzaqlara xəyalın getsə,
hayına hay verən tapılmayınca
başının üstündə uçan qağayı
uçub uzaqlardan qayıtmayınca
bağışla məni...

Bağışla suları duzlu dənizə
qaya gövdəsində axşama qədər
yatan yarasaya bağışla məni...
dənizin üzünə qız saçları tək
dağılan yosuna bağışla məni
səni gözlərimdən irağ qoymayan
yaxına, uzağa bağışla məni...

Heca şeirinin sətirləri tək
ard-arda üstünə gələn ləpələr
ayağının altından qum dənəsini
özüylə götürüb gedən ləpələr
yaxana sığınan xəfif meh kimi
təzədən qayıdıb gəlirsə, bəs sən
nə üçün geriyə dönmürsən axı...
içimin, çölümün kinin-küdrətin
yumaq istəyirəm, sıx gözlərin
islat göz yaşınla - yağışla məni
bağışla məni...

Müsahibəni hazırladı: Aysel Nəsirzadə

Zərif Kölgələr

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr