AZ

Müqəddəs çörəyə xəyanət, mənəvi dəyərlərə hörmətsizlik... Naxçıvanda çörək emalı müəssisəsi bağlandı

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında qida təhlükəsizliyi ilə bağlı növbəti ciddi qanun pozuntusu aşkarlanıb. Kəngərli rayonunun Xok kəndində fəaliyyət göstərən Abtalıbov Sabir Zakir oğluna məxsus çörək emalı müəssisəsində aparılan yoxlamalar nəticəsində sanitar-gigiyenik normalara kobud şəkildə əməl olunmadığı üzə çıxıb.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmur, alət və avadanlıqlar təmiz saxlanılmır, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmur, dezinfeksiya işləri aparılmır, işçilər tibbi müayinələrdən keçmir, obyekt qida təhlükəsizliyi qeydiyyatına alınmayıb, sex ümumilikdə təmirə ehtiyac duyur. Bu çatışmazlıqlar həm istehsal olunan çörəyin keyfiyyətinə, həm də istehlakçıların sağlamlığına birbaşa təhlükə yaradır.

Azərbaycan mədəniyyətində çörək həmişə müqəddəs sayılıb. İnsanlar çörəyi yerə qoymaz, üstündən addımlamaz, hətta qırıntısını belə ehtiramla götürüb qoruyar. Belə bir dəyərə sahib qidanın hazırlanmasında səhlənkarlığa yol verilməsi sadəcə qanun pozuntusu deyil, həm də mənəvi dəyərlərə hörmətsizlikdir. Çörəyin müqəddəsliyi müqabilində bu cür antisanitariya və laqeydlik qətiyyən qəbulolunmazdır və cəmiyyət tərəfindən qınanmalıdır.

Agentlik tərəfindən müəssisəyə nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib. Lakin problemlər tam həllini tapana qədər sexin fəaliyyəti məhdudlaşdırılıb.

Naxçıvanda aşkarlanan bu fakt bir daha göstərir ki, qida təhlükəsizliyi hər bir vətəndaşın sağlamlığı ilə bağlıdır. Çörək kimi müqəddəs bir nemətin istehsalında səhlənkarlıq bağışlanmamalıdır. Dövlət qurumlarının sərt nəzarəti və cəmiyyətin diqqəti sayəsində belə halların qarşısı alınmalıdır.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
icma.az

1Mənbələr