Yol polisi moped və motosiklet sürən uşaqlarla bağlı valideynlərə çağırış etdi - ekspert rəyi
“Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli davranışlardan əl çəkmirlər. Bu cür qayda pozuntuları yalnız həmin sürücülərin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır”.
Bu barədə BDYPİ-nin məlumatında bildirilib.
Qeyd edilib ki, son zamanlar azyaşlı uşaqların moped və motosikletləri əyləncə məqsədilə ümumi istifadədə olan yollarda idarə etməsi hallarına rast gəlinir: “Bu, həm yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, həm də onların sağlamlığı və həyatının birbaşa təhlükə altına düşməsi deməkdir. Unudulmamalıdır ki, nəqliyyat vasitəsini idarə etmək xüsusi bilik, bacarıq və məsuliyyət tələb edir və uşaqların belə hərəkətlərə yol verməsi qanunla qadağandır”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün valideynlərə müraciət edərək övladlarının bu kimi təhlükəli hərəkətlərinə laqeyd qalmamağa, onlara ciddi nəzarət etməyə çağırır.
Onu da deyək ki, təkcə cari ilin ilk 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü həyatını itirib, 23 nəfər isə ağır xəsarət alıb. Eyni zamanda onların törətdikləri qayda pozuntuları səbəbindən təqsiri olmayan 30-dan çox digər hərəkət iştirakçısı ağır xəsarət alıb və ya dünyasını dəyişib.
Bu rəqəmlər göstərir ki, məsələ yalnız fərdi məsuliyyət problemi deyil, artıq ciddi ictimai təhlükəyə çevrilib.
Bəs azyaşlıların moped və motosiklet idarə etməsinə qanun necə yanaşır?
Qeyd edək ki, azyaşlıların moped və motosiklet idarə etməsi qanunla qəti qadağandır. Azərbaycan qanunvericiliyinə əsasən, yalnız müəyyən yaş həddinə çatmış, müvafiq sürücülük vəsiqəsi almış şəxslər nəqliyyat vasitəsini idarə edə bilər. Bu qaydanı pozmaq istər valideynin məsuliyyətsizliyi, istərsə də uşağın özü tərəfindən hüquqi nəticələr doğurur.
Hüquqşünasların sözlərinə görə, əgər azyaşlı yol qəzası törədərsə, məsuliyyət birbaşa valideynin və ya qanuni nümayəndənin üzərinə düşür. Çünki uşağın qanunsuz olaraq nəqliyyat vasitəsi idarə etməsinə imkan vermək özü cinayət tərkibli hərəkət hesab oluna bilər.
Ekspertlər hesab edir ki, məsələ yalnız hüquqi çərçivədə həll olunmamalıdır. Ən mühüm addım maarifləndirmədir. Məktəblərdə yol hərəkəti qaydalarının tədrisi, ictimai maarifləndirici kampaniyalar və medianın aktiv iştirakı olmadan bu problemi aradan qaldırmaq çətin olacaq.
Bundan əlavə, təklif olunur ki, azyaşlıların belə riskli davranışlara marağını azaltmaq üçün xüsusi “güvənli traslar” və ya uşaq üçün nəzərdə tutulmuş idman meydançaları yaradılsın. Çünki gənclərin adrenalinə, sürət hissinə marağını tamamilə qadağa ilə boğmaq mümkün deyil. Amma onlara təhlükəsiz alternativ təqdim etmək mümkündür. Belə traslarda uşaqlar nəzarət altında motosportla məşğul ola, yarışlara qatıla və enerjilərini düzgün istiqamətə yönəldə bilərlər.
Əks halda, hər gün yeni bir faciə ilə üz-üzə qalmaq ehtimalı qalacaq. Bir tərəfdən uşaqlar həyatını itirir, digər tərəfdən isə günahsız insanlar qəza qurbanına çevrilir.
Eldəniz Cəfərov
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a danışıb: “Bizim gənc vətəndaşlarımız bilməlidirlər ki, moped əyləncə vasitəsi deyil, nəqliyyat vasitəsidir və bu, qanunvericilikdə də təsbit olunub. Moped idarə edən şəxs yol hərəkəti haqqında qanuna tam şəkildə əməl etməlidir”.
Ekspert də qeyd edib ki, azyaşlıların moped sürməsi qətiyyən yolverilməzdir: “Qanuna görə, moped sürmək üçün şəxsin ən azı 16 yaşı olmalıdır. Bu, vacib amillərdən biridir və nəzərə alınmalıdır. 14 yaşdan etibarən elektron skuterlərin idarəsinə icazə verilsə də, moped idarə etmək yalnız 16 yaşdan mümkündür.
Bu problemi həll etmək üçün düşünürəm ki, yalnız Dövlət Yol Polisi və Yol Patrul Xidməti əməkdaşlarının fəaliyyəti kifayət etmir. Burada bütün cəmiyyətin iştirakı vacibdir. İctimai qınaq olmalıdır. Həmin azyaşlıların valideynləri də məsuliyyət daşıdıqlarını dərk etməli və bu məsələni daim nəzarətdə saxlamalıdırlar".