ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Şimali Afrika ölkəsi olan Fasda uzunluğu 1 metrə çatan tikanlara sahib, “Ankilozavr” ailəsinin ən qədim nümunəsi olan “Spicomellus afer” adlı dinozavr tapılıb.
Sherg.az xəbər verir ki, faslı və britaniyalı alimlərin birgə apardıqları və nəticələri “Nature” jurnalında dərc edilən araşdırmada qeyd olunur ki, bu dinozavr təxminən 165 milyon il əvvəl yaşayıb və Ankilozavr ailəsinin ən qədim nümayəndəsidir.
London Təbiət Tarixi Muzeyinin nümayəndəsi Süzanna Meydment, dinozavrın tikanlarının sümük ilə birləşmiş olmasının “çox təəccüblü” olduğunu bildirərək, “Biz bu vəziyyətə nə yaşayan, nə də nəsli kəsilmiş hər hansı başqa heyvanda rast gəlməmişik” deyib.
Araşdırmanı aparanlardan biri, Birmingem Universitetinin üzvü Riçard Batler isə Ankilozavr ailəsinin dinozavrların hökmranlıq etdiyi Kretase dövrünün sonuna qədər yaşamış olduğunu xatırladaraq, bu tapıntının “indiyə qədər kəşf edilən ən qəribə dinozavrlardan biri” olduğunu vurğulayıb.
Sümüklərin hamısına çıxış əldə edilmədiyindən dinozavrın ölçüləri barədə dəqiq məlumat olmasa da, alimlər onun gövdəsinin təxminən 4 metr uzunluğunda, çəkisinin isə 2 ton olduğunu bildiriblər.
Mütəxəssislərə görə, dinozavrın sözügedən tikanları həm daha iri yırtıcılara qarşı müdafiə mexanizmi, həm də cüt seçimi prosesində mühüm rol oynayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.