AZ

Ermənistan XİN başçısının sülh müqaviləsi açıqlaması: Hələ uzun yol var

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin İctimai Televiziyasına müsahibəsində Azərbaycanla sülh müqaviləsinə dair fikirlərini açıqlayıb. Nazir bildirib ki, saziş artıq paraflanıb, lakin imzalanma və ratifikasiya mərhələləri hələ qarşıdadır və bu proses kifayət qədər çətin ola bilər.

Ararat Mirzoyan çıxışında bir neçə mühüm məqama toxunub. Birincisi o bildirib ki,saziş imzalanmayıb, yalnız paraflanıb. Bu isə o deməkdir ki, hələ yekun siyasi razılıq yox, ilkin razılaşdırma mərhələsi var.

İkincisi o, “imzalama və ratifikasiya mərhələləri daha ağır ola bilər” deyə qeyd edib. Yəni qarşıda həm daxili siyasi müzakirələr, həm də parlament təsdiqləri kimi mürəkkəb prosedurlar durur.

Üçüncüsü isə odur ki, Mirzoyan vurğulayıb ki, müqavilə birtərəfli üstünlüklər daşımır. Nazir vurğulayıb ki, sənəddə Azərbaycan üçün “yaxşı”, Ermənistan üçün isə “pis” olacaq heç bir müddəa yoxdur.

Mirzoyanın açıqlaması, əslində, iki auditoriyaya hesablanıb: Azərbaycan tərəfi üçün Ermənistan rəsmisi göstərməyə çalışır ki, danışıqlar davam edir və müqavilənin imzalanması mümkündür. Bu, siyasi iradənin varlığını göstərir. Ermənistan ictimaiyyəti üçün isə daxildə müqavimət və narazılıqlar fonunda Mirzoyan cəmiyyətə sakitləşdirici mesaj vermək istəyir ki, müqavilə Ermənistanın mənafeyinə zidd deyil.

Azərbaycan üçün əsas hədəf dayanıqlı və ədalətli sülh müqaviləsidir. Ermənistan isə daxili siyasi gərginlik, revanşist qüvvələrin təzyiqi və geosiyasi təsirlər səbəbindən tərəddüdlər yaşayır. Bu səbəbdən Mirzoyanın “hələ görüləsi çox işlər var” sözləri reallığı əks etdirir. Proses uzun və çətin olacaq.

Sülh müqaviləsinin paraflanması mühüm mərhələdir, amma hələ son deyil. İmzalanma və ratifikasiya mərhələləri, əslində, prosesin ən kritik hissəsidir. Ermənistan rəhbərliyi daxildə müqavimətlə, xaricdə isə böyük güclərin təsirləri ilə üzləşəcək. Azərbaycan üçün isə əsas prinsip aydındır: Qarşılıqlı tanınmaya, ərazi bütövlüyünə və sabitliyə əsaslanan sülh.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
bizimyol.info

1Mənbələr