AZ

“Kim düşmən münasibət bəsləyirsə, yeri göstərilməlidir”

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə regiondakı yeni geosiyasi reallıqlar fonunda xüsusilə diqqət çəkib. Dövlət başçısı İranla münasibətlərdən, Zəngəzur dəhlizindən və yayılan dezinformasiyalardan ətraflı danışıb. Prezident qeyd edib ki, İran Prezidenti ilə çox yaxşı işgüzar və dostluq münasibətləri qurulub. Xatırladıb ki, İran Prezidenti Azərbaycana iki dəfə səfər edib: biri rəsmi səfər, digəri isə azad edilmiş Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak olub. İlham Əliyev həm də maraqlı detalı vurğulayıb: “O, mənim kimi eyni qanı daşıyır, biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyac yoxdur”.

 

Bu məqam iki ölkə liderləri arasında mədəni və mənəvi yaxınlığı göstərən simvolik bir mesaj kimi dəyərləndirilir. Prezidentin sözlərinə görə, Azərbaycan siyasətini yalnız İranın rəsmi mövqeyi - yəni prezidentin və xarici işlər nazirinin açıqlamaları əsasında qurur. Müxtəlif keçmiş rəsmilərin və ya müşavirlərin səsləndirdiyi iddialara isə Bakı əhəmiyyət vermir: “Onların dediklərinin bizim üçün əhəmiyyəti sıfırdır”.

 

Prezident İlham Əliyev İran mətbuatında və bəzi dairələrdə yayılan şayiələrə də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanın nə İran-Ermənistan sərhədini bağlamaq, nə də Zəngəzuru işğal etmək kimi bir niyyəti olub: “Əgər etmək istəsəydik, bunu 2020-ci ilin noyabrında çox asanlıqla edə bilərdik. Sadəcə, 40 kilometr məsafədir. Amma belə bir planımız olmayıb”.

 

Siyasi analitiklər bu açıqlamanı həm İrana, həm də regiondakı digər tərəflərə birbaşa mesaj kimi dəyərləndirir: Zəngəzur dəhlizi əməkdaşlıq üçün yeni imkan kimi nəzərdə tutulub, təhdid elementi deyil.

 

Mövzu ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a qeyd edib ki, Azərbaycan Prezidentinin həm güclü lider, həm son dərəcə bacarıqlı siyasətçi, diplomat, həm də təcrübəli iqtisadçı olması, beynəlxalq münasibətləri dərindən anlaya bilməsi onu sevənlər, hətta sevməyənlər tərəfindən də etiraf edilir: “Dəfələrlə bunu müşahidə etmişik - həm Rusiya, həm də dünya mətbuatında. Son illərdə demək olar ki, hər bir geniş müsahibəsi ilə o, dinləyicilərini və oxucularını təəccübləndirməkdə davam edir.

 

Sonuncu ərəb telekanalına verdiyi müsahibə də həmin geniş, sanballı müsahibələrdən biridir. Burada təkcə Azərbaycan, Qarabağ, Azərbaycan-Ermənistan münasibətləri, Qarabağdakı quruculuq işləri və ya ABŞ-nin prezidenti Trampın başçılığı ilə Azərbaycan və Ermənistan arasında bağlanan müqavilədən söhbət getmir. Burada, ümumiyyətlə, həm Şərq-Qərb, həm Şimal-Cənub, həm müsəlman dünyası, həm də Türk dünyası ilə bağlı çox sayda maraqlı suallar var və bu suallara verilən cavablar da son dərəcə maraqlıdır. Hər bir sahə haqqında Prezidentin dedikləri dərindən analiz olunanda görünür ki, o, sahələrin bütün incəliklərini bilir və fikirlərini cəsarətlə ifadə edir. Yəni Ali Baş Komandan kimi cəsarətli, diplomat kimi də sözünü qətiyyətlə deyir".

 

S.Rüstəmxanlı deyib ki, xüsusilə onun “qurbağalarla dolu bataqlıq mətbuatı” ifadəsi çox ləzzətlidir, çünki bu, yalnız beynəlxalq aləmə aid deyil: “Dünyanın müxtəlif yerlərində biz də illər uzunu belə "bataqlıq qurbağaları"nın şahidi olmuşuq və oluruq. Bu proses davam edir. Bunlar açıq deyilməsə də, kim bizə düşmən münasibət bəsləyirsə, onun yeri göstərilməlidir və bunun başqa adı yoxdur. Ona görə də mən müsahibəni çox bəyəndim və böyük qürur hissi ilə oxudum".

 

S.Rüstəmxanlının fikrincə, İlham Əliyevin Pezeşkian haqda dediyi fikirlər onun məsələlərə necə diqqətlə və həssaslıqla yanaşdığını göstərir: “Doğrudan da Pezeşkian bir Azərbaycan türküdür və İlham Əliyev deyir ki, "biz eyni qanı daşıyırıq və bir millətin övladlarıyıq". Onlar öz ana dillərində danışırlar. Pezeşkian İranda da ara-sıra Azərbaycan dilinə müraciət edir. Bu artıq normal bir vəziyyətə çevrilir və İrandakı fars-şovinist ənənələrini yavaş-yavaş sarsıtmaq, yeni düşüncə sistemi yaratmaq işinə xidmət edir. Nəticəsi necə olacaq, bunu həyat göstərəcək. İranda illər uzunu televiziyalarda Azərbaycan rəsmiləri və ziyalıları haqqında yalan və böhtanlar yayıblar. Məsələn, aylar öncə Azərbaycana qarşı iddia irəli sürüldü ki, ölkəmiz İsrail-İran müharibəsində İsrailə dəstək verib və İranın əleyhinə hərbi müdaxilə olunub. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, Azərbaycan tərəfi bu müharibədə İran qarşı heç bir hərbi müdaxilə və ya proses həyata keçirməyib. Yəni etiraf edildi ki, Azərbaycanın mövqeyi düzgün olub və bu məlumat İran cəmiyyətinə çatdırılıb. Bunu ən yaxşı bilən İran rəsmiləridir - mətbuat və düşmən olanların nə dediyi əhəmiyyətli deyil, rəsmi İran yanaşması bu məsələni ciddi şəkildə təsdiqləyir və Prezident bunu yaxşı bilir. Ona görə də ölkələr arasında münasibətlərin məsuliyyətli şəkildə qurulmasını həm İran, həm də Azərbaycan üçün təmin edir və dünyaya bəyan edir. Bu, İranla qonşuluq və dostluq münasibətlərinin daha da genişlənməsinə şərait yaradır".

 

S.Rüstəmxanlı İlham Əliyevin logistika məsələləri ilə bağlı, xüsusilə Zəngəzur dəhlizi barədə dediklərinə də diqqət çəkib: “O, tarixi ekskursiya ilə izah edir - Zəngəzurun niyə Azərbaycan tərəfindən alındığını, sovet dövründə dəhlizə ehtiyac olmadığını, amma indi niyə zəruri olduğunu və bunun niyə həyata keçirilməli olduğunu dəqiq əsaslarla açıqlayır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin mövqeyi, sadəcə, dövlətin maraqlarını qorumaqla kifayətlənmir, həm də haqqa, ədalətə və tarixi reallıqlara söykənir. Fikrimcə, hər bir ölkə vətəndaşı öz prezidentinin həm diplomatik, həm də tarixi biliklərlə zəngin müsahibəsini oxuyanda qürur hissi keçirməlidir”.

Tarix: 28 Avqust 2025, 13:44   
Seçilən
10
2
pravda.az

3Mənbələr