AZ

Zəngəzur dəhlizinin dumanlı gələcəyi Heç nə aydın deyil

ain.az bildirir, Hurriyyet portalına istinadən.

Dəhlizdən necə istifadə ediləcəyinin cavabını çox gözləməli olacağıq.

Tramp Ermənistan və Azərbaycanla razılaşma imzalayaraq İran hakimiyyətinə strateji zərbə endirib. Bu barədə nüfuzlu Fox News telekanalının saytı yazıb.

“Avqustun əvvəlində Ermənistan və Azərbaycanla imzalanmış saziş ABŞ-a Zəngəzur dəhlizini – Avropaya ən mühüm ticarət və enerji marşrutuna çevriləcək dar torpaq zolağını 99 illik icarəyə götürmək imkanı verir.

Bu dəhliz uzun illər Dağlıq Qarabağ münaqişəsinin mərkəzində olub. Münaqişə nəticəsində on minlərlə insanı köçkün düşüb və regionda 30 ildən çox müddət ərzində qeyri-sabitlik yaşanıb. Trampın müdaxiləsi hər iki tərəfi danışıqlar masasına oturtdu və müşahidəçilərin sözlərinə görə, İranı oyundan tamamilə kənarlaşdıraraq Xəzər hövzəsini Avropa ilə birləşdirən yeni, həyati əhəmiyyətli ticarət dəhlizi yaratdı.

TRIPP adı ilə tanınan saziş iqtisadi baxımdan Vaşinqtona Xəzər karbohidrogenlərinin Avropaya axınını nəzarətdə saxlamaq imkanı verir. ABŞ bu dəhlizdən keçən dəmir yolu və avtomobil infrastrukturu, telekommunikasiya şəbəkələri və enerji kəmərlərini idarə edəcək ki, bu da neft, qaz və digər malların regional tranzitində Amerika şirkətlərinə üstün mövqe qazandıracaq. Bu nəqliyyat arteriyasına nəzarət etməklə ABŞ gələcəkdə ticarət və investisiya sahəsində milyardlarla dollar gəlir əldə etməklə yanaşı, Avropaya həm Rusiya, həm də İrandan asılılığı azaldan alternativ tədarük marşrutları təmin edir.

Müttəfiqlər üçün bu dəhliz Xəzər enerji resurslarına daha ucuz və təhlükəsiz çıxış verir. Tehran üçün isə bu, gəlirlərin, təsir rıçaqlarının itirilməsi, eləcə də Şərqlə Qərb arasında ticarət zamanı məcburi vasitəçi rolunu oynamaq imkanının sonu deməkdir. Saziş NATO-nun dəstəyi ilə əldə olunub və bəzi müşahidəçilər artıq onu “tarixi” adlandırırlar”, – Fox News yazır.

Nüfuzlu telekanalın bu qiymətləndirməsi nə dərəcədə doğrudur? Ümumiyyətlə, ABŞ-ın zamanla Zəngəzur dəhlizində iştirak və nəzarətə marağını itirməyəcəyinə tam əmin ola bilərikmi? Doğrudanmı Vaşinqton Ermənistan və Azərbaycanla əldə olunmuş bu sazişi və dəhlizin idarə olunmasını çox mühüm nailiyyət hesab edir? Axı indiyədək bunun texniki cəhətdən necə həyata keçiriləcəyi aydın deyil. Sərhəddə insanların sənədlərini kim yoxlayacaq? Yükləri kim nəzarətdən keçirəcək? Yalnız amerikalılar? Amma bu barədə ümumiyyətlə heç bir məlumat yoxdur. Azərbaycanın rəhbərliyi insanların və yüklərin Sünikdən erməni dövlət qurumları tərəfindən hər hansı yoxlama və maneə olmadan keçidi şərtindən imtina etdiyini hələ də açıq şəkildə bəyan etməyib. Öz növbəsində İrəvan da heç bir yerdə Bakının bu şərti ilə razılaşmağa hazır olduğunu deməyib. Bəs onda bizi nə gözləyir?

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli baş verən proseslərə baxışını Pressklub.az-la bölüşüb.

Onun fikrincə, Vaşinqton sazişi Azərbaycanla Ermənistan arasında sülh prosesinin pozitiv inkişafı baxımından mühüm hadisədir. Lakin Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi və digər məsələlər üzrə atılan addımlar hələ yalnız başlanğıcdır.

“Bu prosesi daimi və dönməz etmək üçün çox iş görülməlidir. Zəngəzur dəhlizinin Amerika şirkətinin idarəçiliyinə verilməsi regional təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar aça bilər. Bu dəhliz ABŞ üçün iqtisadi layihədən daha çox geosiyasi layihə kimi əhəmiyyət kəsb edəcək. Türkiyə, türk dövlətləri və Avropa İttifaqı məsələyə müsbət yanaşsalar da, regionda İran, Rusiya, eləcə də Çinin mənfi mövqeyi nəzərə alınmalıdır.

İran və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi həm Azərbaycanda, həm də Ermənistanda narahatlıq doğurub. ABŞ-ın bu prosesə qoşulması ilə İran və Rusiyanın regiondakı təsiri zəifləyəcək. Dəhlizin ABŞ-ın idarəçiliyinə verilməsi regional qeyri-müəyyənliyi qismən azaldıb”, – politoloq hesab edir.

O, etiraf edir ki, hələlik dəhlizin gələcək fəaliyyəti ilə bağlı dəqiq konsepsiya yoxdur. “Çox mürəkkəb suallara cavablar hələ də açıq qalır. Məsələn, İranla Ermənistan arasındakı sərhəd hələ də rus sərhədçiləri tərəfindən qorunur. Rəsmi Bakı Vaşinqton sazişi çərçivəsində maneəsiz və təhlükəsiz keçidin təmin edildiyini bəyan etsə də, onun tənzimlənmə qaydası hələ müəyyənləşdirilməyib.

Zəngəzur dəhlizinin gələcək taleyi regional və qlobal geosiyasi və geoiqtisadi proseslərin inkişafı ilə müəyyən olunacaq”, – Məmmədli əmindir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
hurriyyet.az

2Mənbələr