Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Azərbaycan şiə və sünnilərin eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir.
Azərbaycanlıların mütləq əksəriyyəti üçün təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik.
Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub.
Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Gununsesi.info-ya danışan ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov mövzunu belə şərh edib:
“Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, şiə və sünni məzhəbindən olan müsəlmanlar eyni vaxtda, eyni məsciddə ibadət edirlər. Prezident İlham Əliyevin 27 avqust 2025-ci il tarixli müsahibəsində də diqqətə çatdırdığı kimi, bu, sadəcə dini deyil, xalqımızın tarixi, mədəni və milli kimliyini əks etdirən böyük bir dəyərdir.
İslam dini bütün müsəlmanları qardaş elan edir. Qurani-Kərimdə buyurulur: “Möminlər yalnız qardaşdırlar. Qardaşlarınızın arasını düzəldin” (Hucurat, 10) və “Hamınız birlikdə Allahın ipindən möhkəm yapışın və parçalanmayın” (Ali-İmran, 103). Həzrət Peyğəmbər (s) də buyurub: “Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu düşmənə təslim etməz” (Buxari, Müslim). Bu dəlillər göstərir ki, məzhəbçilik İslamın mahiyyətinə tamamilə ziddir”.
İlahiyyatçı vurğulayıb ki, tarixi təcrübə göstərir ki, Azərbaycan torpaqları əsrlər boyu şiə və sünni müsəlmanların qardaşlıq vəhdətinə şahidlik edib:
“Səfəvilər dövründə şiəliyin rəsmi dövlət məzhəbi elan olunmasına baxmayaraq, sünnilər də ölkənin dini-mədəni həyatında mühüm rol oynayıblar. XIX əsrdə və Sovet dövründə isə məzhəb fərqləri bir kənara qoyularaq dini və milli kimlik qorunub saxlanılıb.
Müstəqillik dövründə isə dövlətin apardığı düzgün dini siyasət nəticəsində Azərbaycanda şiə və sünni qardaşlar eyni azanla, eyni məsciddə, eyni səfdə ibadət edirlər. Bu, təkcə dini tolerantlıq nümunəsi deyil, həm də milli təhlükəsizlik və sabitliyin təminatıdır. Çünki İslam dünyasının bir çox ölkələrində məzhəb zəmnində baş verən qarşıdurmalar göstərir ki, parçalanma ən böyük zəiflikdir”.
Əkrəm Həsənovun sözlərinə görə, bəzi xarici dairələr, xüsusilə İranın agentura şəbəkəsi, məzhəbçilikdən sui-istifadə etməyə çalışır:
“Onların məqsədi sadəcə qarışıqlıq yaratmaqdır və bu fəaliyyət nə şiəliklə, nə də İslamla əlaqəlidir. Əsl şiələr isə Azərbaycanda sünni qardaşları ilə birgə mehribanlıq şəraitində ibadət edir, dini bayramları bir yerdə qeyd edir və İslamın həqiqi ruhunu yaşadırlar.
Qərb alimləri də Azərbaycan modelini nümunə kimi göstərirlər. Onlar qeyd edir ki, dünyada məzhəb münaqişələrinin qanlı nəticələri göz qabağındadır, amma Azərbaycanda məzhəb müxtəlifliyi zənginlik kimi qəbul edilir və bu da ölkənin milli həmrəyliyini gücləndirir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın bu təcrübəsi bütün İslam aləminə nümunə ola bilər. Əsl İslam vəhdət, qardaşlıq və bir-birinə dayaq olmaq üzərində qurulub, və bu dəyəri qorumaq hər birimizin borcudur”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.