AZ

Məqsədimiz sülh və davamlı inkişafdır

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə həm regional, həm də qlobal səviyyədə strateji əhəmiyyət kəsb edən mövzuları əhatə etməklə yanaşı, ölkəmizin milli maraqlarını ədalət prinsipləri əsasında özündə ehtiva edir. Müsahibədə yalnız Azərbaycanın mövqeləri ifadə olunmur, eyni zamanda beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar da açıq şəkildə təqdim edilir. Burada müasir çağırışlarla yanaşı, tarixən baş vermiş hadisələrin indiki regional vəziyyətə təsirləri də aydın görünür.

Dövlətimizin başçısı müsahibəsində regional inteqrasiya, nəqliyyat və tranzit imkanlarının genişlənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi mühüm məsələlərə diqqət çəkir. Xüsusilə Zəngəzur dəhlizinin rolu vurğulanaraq, bu strateji layihənin Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinə verə biləcəyi töhfələr önə çıxarılır. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi mövqeyinin gücləndiyini və ölkə ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yük həcminin hər il artdığını bildirir. Beləliklə, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını deyil, həm də qitələri birləşdirən qlobal ticarət və nəqliyyat şəbəkələrinin inkişafına xidmət edən strateji bir arteriya kimi dəyərləndirilir.

Vurğulanır ki, Vaşinqtonda Prezident Trampın iştirakı ilə imzalanmış sənəd uzun illər davam edən münaqişəyə son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Dövlət başçısı bu prosesi yalnız hərbi qələbə kimi qiymətləndirmir; davamlı sülhün diplomatik zəminini möhkəmləndirmək baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırır. Ermənistan konstitusiyasında dəyişikliklərin zəruriliyini vurğulayan İlham Əliyev regionda sabitliyi təmin etmək üçün güc və siyasi iradənin birgə nümayişinin vacibliyini bildirir.
Müsahibədə xüsusi diqqət çəkən məqam Zəngəzur dəhlizidir. Bu layihə Azərbaycanın qərb və şərq hissələrini birləşdirməklə yanaşı, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat xəttini tamamlayan qlobal ticarət arteriyasına çevrilir. ABŞ tərəfindən irəli sürülən TRIPP marşrutu və Araz dəhlizi təşəbbüsləri Azərbaycanın tranzit mərkəzi rolunu gücləndirir, ölkəni qlobal iqtisadi inteqrasiyanın ayrılmaz hissəsinə çevirir. Burada söhbət yalnız texniki infrastrukturdan deyil, layihələrin siyasi və diplomatik təminatından da gedir.

Prezident İlham Əliyev müsahibədə qonşu dövlətlərlə münasibətlərin şəxsi əlaqələrdən və media spekulyasiyalarından üstün olduğunu vurğuladı. İranla əməkdaşlıq çərçivəsində reallaşan Araz dəhlizi iki ölkəni regional tranzit şəbəkəsində mühüm tərəfdaşa çevirir. Rusiya ilə münasibətlərdə isə Azərbaycanın beynəlxalq hüquqa sadiqliyi və vətəndaşlarının təhlükəsizliyinə verdiyi prioritet ön plana çıxır. Bu yanaşma Azərbaycanın müstəqil siyasət yürütmə qabiliyyətini bir daha təsdiqləyir.

Bu gün Azərbaycan yalnız regionda güc mərkəzi deyil, həm də sülh təşəbbüslərinin təminatçısı kimi çıxış edir. İlham Əliyevin İsrail–Suriya münasibətlərində vasitəçilik fəaliyyəti və Suriyaya humanitar yardım təşəbbüsləri Bakının beynəlxalq nüfuzunu artırır. Bu, Azərbaycanın İslam həmrəyliyinə sadiqliyini, eyni zamanda Qərblə əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin Qərbi Zəngəzurun itirilməsi və Naxçıvanla quru əlaqənin kəsilməsi barədə xatırlatmaları Azərbaycanın milli maraqlarının yalnız indiki mərhələdə deyil, uzunmüddətli strateji kontekstdə qorunduğunu göstərir. Bu yanaşma həm regional, həm də qlobal güc mərkəzlərinə aydın mesaj verir: Azərbaycan balanslaşdırılmış siyasət yürüdür, lakin milli maraqlardan güzəştə getmir.
İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan Cənubi Qafqazda yalnız torpaqlarını bərpa edən dövlət deyil, həm də sülh və iqtisadi inkişaf üçün yol açan liderdir.

Ədalətli güc və hüquqa əsaslanan siyasət; çoxvektorlu diplomatiya və balans; regional nəqliyyat və enerji layihələri vasitəsilə qlobal inteqrasiya; humanitar və siyasi vasitəçilik missiyası – bütün bunlar Azərbaycanın müasir geosiyasi kursunun əsas dayaqlarıdır.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən diplomatiyası və milli maraqlara sadiqliyi sayəsində yalnız Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın təminatçısı deyil, həm də beynəlxalq səhnədə etibarlı, söz sahibi və strateji tərəfdaşa çevrilmişdir. Dövlətimizin çoxvektorlu siyasəti, regionda və qlobal miqyasda açdığı imkanlar, həmçinin humanitar təşəbbüsləri Azərbaycanın yüksələn siyasi çəkisini daha da möhkəmləndirir və gələcək nəsillərə dayanıqlı sülh, inkişaf və tərəqqi mühitini təmin edir.

Seçilən
19
4
veteninfo.az

5Mənbələr