AZ

Qürbətdə dəfn edilən görkəmli şəxsiyyətlərimiz – ARAŞDIRMA

Böyük şair və filosof İmadəddin Nəsiminin məzarının Suriyanın Hələb şəhərindən Azərbaycana gətirilməsi məsələsi gündəmdən düşmür. Məlumata görə, bu barədə Suriya ilə ilkin danışıq aparılıb.

Azərbaycan mədəniyyətində, tarixində iz qoyan bəzi şəxsiyyətlərin taleyinə vətəndən uzaqda yaşamaq, yaratmaq yazılıb. Əfsus ki, vətən sevdalıları Azərbaycanda dünyaya göz açsalar da, tarixin mürəkkəbliyi ucbatından onlara vətən torpağında dəfn olunmaq nəsib olmayıb.

Bizim.Media qürbətdə dəfn edilən görkəmli şəxsiyyətlərimizi araşdırıb.

XI əsrin ən böyük azərbaycanlısı deyilən şair Xətib Təbrizi 1109-cu ildə Bağdadda vəfat edib. Ürək tutmasından vəfat edən Təbrizinin məzarının “Bab Avraz”da olduğu qeyd edilir.
 

Qürbətdə uyuyan azərbaycanlıların sırasına Abbasqulu ağa Bakıxanov, Nəsrəddin Tusi, Almas İldırım, Mirzə Şəfi Vazeh də daxildir. Abbasqulu ağa Bakıxanovun qəbri Ərəbistan yarımadasında, Vadiyi-Fatimədədir. Mirzə Şəfi Vazehin qəbri isə Tiflisdədir.


Vazehin dəfn olunduğu qəbiristanlıqda daha bir görkəmli şəxsiyyət, maarifçi dramaturq Mirzə Fətəli Axundzadə uyuyur. Axundzadə ömrünün 40 ildən çoxunu elə həmin şəhərdə yaşayıb, yaradıb.



Azərbaycana könüldən bağlı olan cümhuriyyətçilərin də çoxu mühacirətdə yaşamağa məcbur olublar. Əksəriyyətinin sığınacağı və son mənzili Türkiyə olsa da, Tiflisdə də vəfat edən və torpağa tapşırılanlar var.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər naziri olan Fətəli xan Xoyski 1920-ci ildə Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib və məzarı Tiflisdədir.



Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin məzarı isə Türkiyənin paytaxtı Ankaradadır. Siyasi xadim 1955-ci ildə Türkiyədə vəfat edib və Ankaradakı Əsri məzarlığında dəfn olunub.

Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə isə İstanbulda torpağa tapşırılıblar.

Əlimərdan bəy Topçubaşov Parisdə, Sadıq bəy Ağabəyzadə Lvovda uyuyurlar.



İctimai-siyasi xadim, publisist Nəriman Nərimanov 1925-ci ildə Rusiyada müəmmalı şəkildə ölüb və Moskvada dəfn edilib.

Son illərdə də xaricdə yaşayan azərbaycanlılar arasında vəfat edərək yaşadığı ölkədə dəfn olunanlar var. Xalq rəssamı Toğrul Nərimanbəyov 2013-cü ildə Parisdəki xəstəxanaların birində vəfat edib və Passi qəbiristanlığında torpağa tapşırılıb. Qızı atasının cənazəsinin vətənə gətirilməsini istəsə də, rəssamın Parisdəki həyat yoldaşı buna razılıq verməyib.

Nəşi vətənə gətirilənlər

Şair-dramaturq, repressiya qurbanı Hüseyn Cavidin nəşi 41 ildən sonra ölkəyə gətirilib. Sibirə sürgün edilmiş şair elə orda da vəfat edib. Şairin nəşi Heydər Əliyevin səyi ilə 1982-ci ildə İrkutskdan Azərbaycana gətirilib və Naxçıvanda ev muzeyinin yanında dəfn edilib.



Bundan başqa, dövlət xadimi, publisist, Azərbaycan Respublikası parlamentinin üzvü Səməd ağa Ağamalıoğlu 1930-cu ildə Moskvada vəfat edib və Rusiyanın paytaxtında dəfn edilib.

Sonradan nəşi ölkəyə gətirilərək Fəxri xiyabanda torpağa tapşırılıb.

Günay Şahmar, Bizim.Media

Seçilən
3
1
bizim.media

2Mənbələr