AZ

Bakıdan Şuşaya... - Gənclər multikulturalizm və sülhün elçiləri olur

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

“Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində deyib. 

Cənab Prezident bu sözlərlə ölkəmizdəki tolerantlıq mühitini ən doğru şəkildə ifadə edib. İndiyədək ölkəmiz bir çox beynəlxalq tədbirlərə, konfrans və forumlara ev sahibliyi edib. Ölkəmizə səfər edən qonaqlar, dünya dövlətlərinin başçıları, hökumət nümayəndələri Azərbaycandakı tolerant mühitə şahid olublar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ICESCO ilə birgə keçirdiyi II Beynəlxalq Multikulturalizm Gənclər Forumu da belə tədbirlərdən biri idi. Xatırladaq ki, müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirərək multikultural dəyərlərin təşviqi, mədəniyyətlərarası dialoqun inkişafı və dinlərarası anlaşmanın möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyan II Beynəlxalq Multikulturalizm Gənclər Forumunda dünyanın 50-dən çox ölkəsindən 70-dək qonaq iştirak edib. Bu platformanın əsas məqsədi gənclər arasında multikultural dəyərlərə hörmətin artırılması, etnik və dini müxtəlifliyin sülh və həmrəylik mənbəyi kimi tanıdılması, eləcə də bu sahədə bilik və təcrübə mübadiləsinin təmin olunmasıdır. Forum çərçivəsində keçirilən panel müzakirələr, interaktiv sessiyalar, seminarlar və təqdimatlar vasitəsilə iştirakçılar müxtəlif multikultural təcrübələrlə tanış olur, birgə layihələr üçün təşəbbüslər irəli sürür və sosial həmrəylik ruhunda yeni əməkdaşlıqlar qururlar. Bu il Xankəndi şəhərində keçirilən Forum öz işini artıq başa vurub. Forumda müzakirə edilən məsələlər isə dünyamızın tolerantlığa nə qədər böyük ehtiyacı olduğunu göstərdi. Xatırladaq ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən Forumun iştirakçıları Xankəndi şəhərində olarkən burada aparılan abadlıq-quruculuq işləri ilə, Şuşaya ekskursiya zamanı şəhərin tarixi və mədəni abidələri ilə tanış olublar. Onlar Natəvanın evi, Bülbülün ev-muzeyi, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Vaqifin məqbərəsi və Cıdır düzündə olublar. Ekskursiya zamanı iştirakçılara işğaldan sonrakı bərpa və yenidənqurma işləri barədə məlumat verilib. Forum çərçivəsində iştirakçılar “Müasir konfliktlər zamanı sülhün bərpasında dinin rolu” mövzusunda müzakirələr aparıb, həmçinin “Öz xalqını təqdim et” musiqili axşamlarda öz ölkələrinin mədəniyyətlərini təqdim ediblər. Daha sonra Forum iştirakçıları BBMM-in şöbə müdiri İrina Kuninanın “Azərbaycan Multikulturalizm modelinin xüsusiyyətləri” mövzusunda mühazirəsini dinləyib. İ.Kunina mühazirəsində bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. O, diqqətə çatdırıb ki, Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Mühazirə Forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələrlə davam edib.


 Qeyd edək ki, I Beynəlxalq Multikulturalizm Gənclər Forumu 2019-cu ildə “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi çərçivəsində təşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimində isə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Forumun mövzusu - “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” özünü sözün əsl mənasında doğrultdu. İştirakçıların fikirləri, enerjisi bir daha göstərdi ki, gənclər sülhün davamlılığında, müxtəlifliyin təşviqində, xalqlar, mədəniyyətlər, dinlər arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsində əvəzolunmaz rola malikdirlər. Forum müddətində iştirakçılar Bakı, Xankəndi və Şuşada bir araya gələrək faydalı müzakirələr apardılar, müxtəlif baxış bucaqlarını bölüşdülər və bir daha əmin olduq ki, gənclər yalnız gələcəkdə deyil, həm də bu gün multikultural dünyada sülh quruculuğunun əsas qüvvəsidir. Forumun Bakı ilə yanaşı Xankəndidə və mədəniyyət beşiyimiz Şuşada keçirilməsi sülhün davamlılığını, bu ərazilərdə birgəyaşayışın yenidən qurulması zərurətini simvolizə edir. “Qürur hissi ilə deyə bilərik ki, bu Forum vasitəsilə dünyanın müxtəlif guşələrindən gəlmiş gənclər multikulturalizmin Azərbaycan nümunəsini yaxından gördülər. Onlar şahid oldular ki, burada multikulturalizm sadəcə bir şüar deyil, dövlət siyasəti, gündəlik həyat tərzi və birgəyaşayış fəlsəfəsidir,” – deyə Rəvan Həsənov vurğulayıb. İcraçı direktor diqqətə çatdırıb ki, dünya bu gün dözümsüzlük, radikalizm, ksenofobiya və mədəniyyətlərarası anlaşılmazlıqlar kimi ciddi çağırışlarla üz-üzədir. Ancaq belə forumlar göstərir ki, gənclər ədalətli, inklüziv və sülhpərvər gələcəyə aparan yolun önündə getməyə qadirdirlər. Gənclər və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycan hökuməti üçün əhəmiyyətindən bəhs edib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər üçün müxtəlif səpkili tədbirlər keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, bir neçə gün ərzində forum iştirakçıları ölkəmiz haqqında dolğun məlumatlar əldə etdilər. ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini Məryəm Qafarzadə deyib ki, mədəniyyətlərarası dialoqun və sülhün təşviqinə sadiqlik ruhlandırıcı və təqdirəlayiq haldır. Gənclərin enerjisi və dərin bağlılığı bu toplantını mənalı və təsirli hadisəyə çevirdi. "Sülh, sadəcə, bir anlayış deyil. O, İslamda dərin kök salmış əsas dəyərdir və ICESCO-nun missiyasının mərkəzi sütunudur. ICESCO uzun müddətdir sülh, təhsil və mədəniyyətlərarası dialoqun müdafiəçisidir. Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstana xidmət edən Bakıdakı regional ofisimiz əməkdaşlığa, mədəni mübadilə və barışığa təkan verən proqram və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir. Bakı, Xankəndi və Şuşada keçirilən bu Forum gəncliyin, birliyin və ümumi dəyərlərin gücünün sübutudur. Bu, həqiqətən də, təkcə iştirak baxımından deyil, həm də söhbətlərin dərinliyi, əməkdaşlıq ruhu və hər birinizin nümayiş etdirdiyi sülhə səmimi sadiqlik baxımından böyük uğurdur", - deyə M. Qafarzadə vurğulayıb. Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin direktoru Noufal Abboud və Stirlinq Fondunun regional direktoru Mohamed Dahab Forumun əhəmiyyətinə toxunaraq, tədbirin gənclər üçün faydalı olduğunu bildiriblər. Onlar gənclərin müxtəlif ölkələrdən olmasına baxmayaraq, müxtəlifliyin problem yox, əslində həll olduğunu diqqətə çatdırıblar. 

İlahiyyatçı Hacı Atif İsmayılov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu səpkili beynəxalq tədbirlər dünya ictimaiyyətinə ölkəmizin həm multikultural mənzərəsi, tolerantlıq mühiti ilə yaxından tanış olmağa imkan verir: 

- Ölkəmizə səfər edən hər bir əcnəbi qonaq buradakı sağlam mühiti görür. Ölkəmiz həqiqətən də tolerantlığın ən gözəl nümunəsidir. Cənab Prezidentin də vurğuladığı kimi burada müxtəlif təriqətlərin nümayəndələri sülh, əmin-amanlııq, qarşılıqlı anlaşma, dözümlülük, bir-birinin fikrinə, düşüncəsinə qarşı anlayış göstərərək, qəbul edərək yaşayır. Azərbaycanın ibadət ocaqlarında müxtəlif dinlərin, təriqətlərin nümayəndələri birgə ibadət edirlər. Bu, bizim xalqımızın əsrlərlə qoruyub saxladığı, sahib çıxdığı dəyərlərdir. Bizi güclü edən də bu birlik və bərabərliyimizdir. 

Seçilən
30
19
sherg.az

10Mənbələr