AZ

Azərbaycan uzaq Qərb və Yaxın Şərq üçün etibarlı enerji tərəfdaşıdır

Prezident İlham ƏLİYEV: "Bizim potensialımız təsəvvür ediləndən daha böyükdür"

Azərbaycan qazına tələbatın artması son illərin reallıqlarındandır. Qaz ixrac etdiyimiz ölkələrin sayı bu yaxınlarda 14-ə çatdı. Onların sayının artacağı da gözlənilir. Çünki bu barədə müraciətlər var, danışıqlar davam edir.

Odur ki, Prezident İlham Əliyevin iştirak etdiyi mötəbər tədbirlərdə, verdiyi müsahibələrdə bir qayda olaraq Azərbaycan qazının ixracı ilə bağlı fikirlərin, sualların səslənməsi heç də təsadüfi deyil. Dövlətimizin başçısının Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi də bu baxımdan istisna təşkil etmədi.

Əvvəla xatırladaq ki, son aylaradək Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 12 idi - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya. Qısa müddətdə bu sıraya daha iki ölkə - Ukrayna və Suriya da qoşuldu. Azərbaycan qazı Ukraynaya keçən ayın sonundan çatıb. Bununla bağlı məlumatı "Naftogaz" Şirkətlər Qrupu yayıb. Şirkətdən bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Trans-Balkan marşrutu ilə sınaq tədarükü həyata keçirilib. Bu pilot layihə artıq başa çatsa da, Ukrayna Azərbaycan qazı idxal etmək üçün yeni müqavıilə imzalamaq fikrindədir.

İndi artıq Suriya da Azərbaycan qazı alır. Hazırda Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən ölkəmiz bu layihə ilə enerji ixracı coğrafiyasını Yaxın Şərqə doğru genişləndirir. Avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirildi.

"Əl-Ərəbiyyə"nin müxbiri də məhz bu məsələyə toxundu: "Sualım daha çox Avropa və Şərq ölkələrinə nəql edilən Azərbaycanın təbii qazı ilə əlaqədardır".

Prezident İlham Əliyev cavabında təbii qaz üçün əsas istiqamətimizin Avropa olduğunu vurğulayaraq bildirdi: "Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və bu rol artacaq. Mən artıq qarşıdan gələn illər üçün planlarımızı açıq elan etmişəm. Biz 2030-cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr təbii qazı əmin şəkildə təmin edəcəyik. Məsələ onun necə, hansı istiqamətdə istifadə olunmasıdır. Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir".

Suriyaya qazın həcmini artıra da bilərik. Eləcə də Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz etməyimiz mümkündür. Həmçinin enerji resurslarının ticarətini həyata keçiririk. Ölkəmiz neft və qazını satmaqla yanaşı, beynəlxalq ticarətçi kimi fəaliyyət göstərir. Bir sözlə, potensialımız təsəvvür ediləndən daha böyükdür. Bu isə mühüm amildir.

Yaxın Şərq ölkələri ilə, əsasən Körfəz Əməkdaşlıq Ölkələri ilə əməkdaşlığa gəlincə, Prezidentimiz bildirdi ki, əlaqələr çox yaxşıdır - dostcasına və nəticəyönümlüdür. Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Məsələn, bərpaolunan enerjidə əsas sərmayədarlarımız Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından olan şirkətlərdir. Onlar bizim əsas sərmayədarlardır və hazırda investisiya yatırırlar.

Yeri gəlmişkən dövlətimizin başçısı onu da bəyan etdi ki,bizim bərpaolunan enerji potensialımız aşağı qiymətləndirilməməlidir. İmzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq.

Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan olunması, burada çoxsaylı su- elektrik stansiyaları inşa edilməsi də bildirildi. Xatırladaq ki, bu günlərdə Kəlbəcərdə istifadəyə verilən üç yeni su-elektrik stansiyasının işə düşməsi ilə işğaldan azad olunmuş ərazilərimizdə onların sayı 38-ə çatdı, ümumi istehsal gücü isə 300 meqavatı ötdü.

Azərbaycanın faydalı qazıntı yanacağı, həmçinin bərpaolunan enerji mənbələri Körfəz Əməkdaşlıq Ölkələri ilə əməkdaşlığı genişləndirməyə imkan verir. Odur ki, birlikdə bir çox layihə həyata keçirilə bilər.

Söz düşmüşkən Prezidentimiz onu da nəzərə çatdırdı ki, BƏƏ-nin mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub: "Eyni zamanda bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub. Hazırda biz geniş əməkdaşlıq portfeli üzərində işin həqiqətən fəal mərhələsindəyik. Siyasi əlaqələr mükəmməldir. Biz əsas diqqəti enerji və digər sahələrdə - mehmanxana işi, turizm, kənd təsərrüfatında praktiki investisiya layihələrinə yönəldirik. Beləliklə, bir çox layihələr reallaşma mərhələsindədir. Məsələn, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini biz Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik. Bu, kənd təsərrüfatı, eləcə də insanlar üçün çoxlu imkanlar yaradacaq". 

Bunlar ölkəmizin xarici siyasət gündəliyinin böyük bir hissəsidir. "Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətimizin başlıca prioritetlərindən biridir", - deyə Prezident İlham Əliyev bu barədə verilən sualın cavabını yekunlaşdırdı.

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr