AZ

“Təzə pir” ətrafında yaşayan sakinlər Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib: Bizi hədələyir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının mərkəzində - “Bayırşəhər məhəlləsi” adlanan ərazidə söküntünün dayandırılması üçün sakinlər hüquqi müstəvidə mübarizəyə başlayıb. “Təzə pir” məscidinin ətrafında yaşayan sakinlər bir müddətdir bu ərazidə başlayan söküntünün dayandırılmasını tələb edir.

Bizimyol.info xəbər verir ki, sakinlər Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Onlar Azərbaycan prospekti ilə Mirzə Fətəli Axundov, həmçinin Nizami küçəsilə Mirzağa Əliyev küçələrinin arasında yerləşən ərazinin sökülməsi və oradakı tikililərin mülkiyyətçilərdən satın alınması barədə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğvini tələb edirlər. Sakinlər bildirirlər ki, bu sərəncam qanunsuzdur.

“Qarşı tərəfin nümayəndələri mülkiyyətimizdə olan evlərin qanunsuz söküntüsü üçün bizə mənəvi və psixoloji təsir göstərir, hədələyir. Bu isə mülkiyyət hüququmuzun açıq-aşkar pozulmasıdır”, - deyə iddia ərizəsində yazıblar.

Qeyd edək ki, sakinlərin şikayətinə Bakı İnzibati Məhkəməsində baxılır.

Sakinlərin Bizimyol.info xəbər portalına bildirdiyinə görə, onların evlərinin hər kvadrat metrinə görə 2700 manat kompensasiya təklif olunur. Qeyri-yaşayış sahələrinin (obyektlər) hər kvadrat metrinə görə isə təklif olunan məbləğ 3000 manatdır. Bu məbləğ də vətəndaşları qane etmir. Onlar bildirir ki, yaşadıqları ərazidə evlərin bazar qiyməti bundan xeyli yüksəkdir.

Bundan başqa, ümumiyyətlə, evindən köçmək istəməyən, həmin ərazidəki tikililərin sökülməsinə etiraz edən vətəndaşlar da kifayət qədərdir. Onlar bildirirlər ki, sözügedən ərazidə 180-ə qədər tarixi abidə yerləşir. Onların arasında tarixi məscidlər, hamamlar, görkəmli şəxsiyyətlərin ev muzeylərini sadalamaq olar.

Dövlət qurumları həmin ərazidə park və süni göl salınacağını bəyan edib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr