Alimlər bildirirlər ki, şəkərli qazlı içkilərin həddindən artıq qəbulu saç tökülməsinə səbəb ola bilər. Aparılan araşdırmalar göstərib ki, bu içkilər baş dərisində iltihabi prosesləri gücləndirərək saçların seyrəkləşməsinə və keçəlləşmə riskinin artmasına yol aça bilir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər vurğulayırlar ki, saç sağlamlığı birbaşa qidalanma ilə əlaqəlidir. D vitamini və dəmir çatışmazlığı, həmçinin çoxlu şəkərli içki istehlakı saç tökülməsini daha da sürətləndirir.
Tsingua Universitetinin 2023-cü ildə apardığı araşdırmada mindən çox gənc iştirak edib. Nəticələr göstərib ki, həftədə 11 qutudan çox (təxminən 3,5 litr) soda içən şəxslərdə kişi tipi keçəlləşmə riski daha yüksəkdir. Hərçənd alimlər birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləməsələr də, tapıntılar əlavə tədqiqatlara ehtiyac olduğunu göstərir.
Mütəxəssislərin sözlərinə görə, artıq şəkər orqanizmdə piy istehsalını artırır və baş dərisində bakteriyaların çoxalmasına şərait yaradır. Bu da iltihab proseslərini gücləndirərək saç köklərini zəiflədir.
Saç tökülməsinin qarşısını almaq üçün balanslı qidalanma xüsusi əhəmiyyət daşıyır. Proteinlə zəngin qidalar, soya məhsulları, tərəvəzlər, həmçinin D vitamini və dəmirin kifayət qədər qəbulu saç böyüməsini dəstəkləyir.
Statistikaya görə, kişilərin 85 faizi, qadınların isə üçdə biri ömrü boyu saç tökülməsi problemi ilə üzləşir. Alimlər bu problemin daha dərindən öyrənilməsinin vacibliyini və elmi əsaslı qoruyucu tədbirlərin hazırlanmasının zəruriliyini vurğulayırlar.
Tərcümə: Könül Oruc
E-saglam.az