Tədbir Qrız kənd sakinləri İlqar Yaqubov və Səkinə Yaqubovanın ev təsərrüfatında yaradılan yerli turizm xidmətləri nümunəsində təşkil olunub. Təlim iştirakçıları kənd turizminin inkişafı, yerli dəyərlərin və resursların tanıdılması, brendləşmə strategiyaları və təbiət-tarix sintezinin təqdimatı ilə tanış olublar. Tədbirdə layihə rəhbəri, "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva layihənin əsas məqsəd və istiqamətləri haqqında məlumat verib: "Biz bu layihə ilə göstərmək istəyirik ki, kəndlərdə, xüsusilə də dağlıq ərazilərdə yaşayan qadınlar turizmin əsas hərəkətverici qüvvəsinə çevrilə bilərlər. Qrız bu baxımdan mühüm nümunədir”.
Təlim iştirakçıları İlqar Yaqubov və Səkinə Yaqubovanın evində yaratdığı muzeydə olublar. İlqar Yaqubov çıxış edərək kənddə turizm xidmətlərinin yaradılmasının əhəmiyyətindən, Qrızın qədim kənd olmasını əks etdirən muzeyi necə yaratdıqlarından və turistlərin bu muzeyə olan marağından danışıb:
"Biz illərdir burda yaşayırıq, amma son vaxtlar gördük ki, kəndimizin təbiəti, mədəniyyəti turistləri cəlb edir. Ona görə də belə bir muzey yaradıb, onu tarixi əşyalarla zənginləşdirdik”. Səkinə Yaqubova isə vurğulayıb:"Əvvəllər ev işləri ilə kifayətlənirdik, amma indi qonaq qarşılamaq, yerli yeməklər hazırlamaq bizim üçün həm də gəlir mənbəyidir. Kəndə gələn turistləri evdə yaratdığımız muzeylə tanış edir, həm də onlara qonaqlama xidməti göstəririk”.
Daha sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dosenti, turizm üzrə ekspert Vüqar Dərgahov tərəfindən təlim aparılıb. Təlimçi ekspert "Kənd turizmi brendinin yaradılması: Qrız – təbiət və tarixin harmoniyası” mövzusunda təqdimatla çıxış edib. Qadınlara kənd turizmi sahəsində fərqli xidmət formaları və onların brendləşdirilməsi barədə praktiki bilgilər verilib: "Qrız kəndi həm təbii gözəllikləri, həm də özünəməxsus tarixi ilə unikal bir məkandır. Bu dəyərləri qoruyaraq brend yaratmaq mümkündür. Əsas məsələ yerli icmanın bu prosesdə aktiv iştirak etməsidir”.
Qrız kəndinə haykinq turuna gələn amerikalı turist Blaque Saur da təlimdə iştirak edib, kənd turizmi haqqında fikirlərini iştirakçılarla bölüşüb. Qrız kəndi nümunəsində xarici qonaqların kənd turizmindən daha fəal istifadə etməsi üçün təkliflərini də səsləndirib. Bildirib ki, kənd və burada təklif olunan turizm xidmətləıri haqqında internet resurslarında daha geniş məlumat verilməsinə, qonaqlama yerlərinin, ictimai iaşə yerlərinin sayının artırılmasına və kənddə turistləri istiqamətləndirən lövhələrin quraşdırılmasına ehtiyac var. "Mən dünyanın bir çox ölkəsində olmuşam. Azərbaycanın təbiəti gözəl, insanları mehriban, mətbəxi çox dadlıdır. Qrız kəndi isə haykinq turu üçün möhtəşəm məkandır”, - deyə xarici turist əlavə edib.
Təlimin sonunda iştirakçılar arasında müzakirələr təşkil olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb və kənd turizminin inkişafına dair təkliflər səsləndirilib.