AZ

Xaricdə təhsillə bağlı rəsmi XƏBƏRDARLIQ

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə "onlayn" qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.

Bu barədə Redaktor.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, qurum heç bir şirkət və ya şəxslə əməkdaşlıq etmir və onların fəaliyyətinə görə məsuliyyət daşımır.

Qeyd olunub ki, diplomların tanınması yalnız Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən həyata keçirilir.

Qaydalara görə, əyani təhsil alan şəxslər hər tədris ilində azı 4 ay, ümumilikdə isə ən azı 21 ay təhsil aldıqları ölkənin ərazisində fiziki olmalıdırlar. Tibb və səhiyyə ixtisaslarında isə bütün təhsil dövrünün həmin ölkədə keçirilməsi şərtdir. Qiyabi təhsil alanlar isə hər tədris ilində ən azı 25 gün təhsil aldıqları ölkədə olmalıdırlar.

Agentlik vətəndaşlara xaricdə təhsil seçərkən yalnız rəsmi mənbələrdən məlumat almağı, Qaydalar və tkta.edu.az saytının FAQ bölməsi ilə tanış olmağı tövsiyə edib.

TKTA vətəndaşları və onların ailələrini saxta vədlərə inanmamağa çağırıb.

Seçilən
0
5
redaktor.az

6Mənbələr