Nə gizlədim, "Əl-Ərəbiyyə" müsahibəsi Prezidentin 2020-ci ilin oktyabrında - müharibənin gedişində verdiyi möhtəşəm müsahibələri xatırlatdı.
Avqustun 26-da yayılan müsahibədə Prezident Əliyev, ayın 8-də Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə paraflanan razılaşmanı tarixin dönüm nöqtəsi kimi xarakterizə etdi.
Prezident Əliyev Prezident Trampı bir sülh təşəbbüskarı kimi səmimi şəkildə təsvir etdi:
"O, Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir".
Bax, bu səmimi sözlər yalnız formal diplomatiyanı deyil, belə deyək, şəxsiyyət diplomatiyasını bir daha göstərmiş oldu. Prezidentin dediyi kimi, sözügedən sənəd 30 il boyunca davam edən düşmənçiliyin sonu, həm də Güney Qafqaz üçün yeni bir səhifədir.
Yəni Vaşinqtonda 8 avqustda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu kimi yorumlanmağı haqq edir.
Bu fikir bir rəsmi açıqlama olmaqla yanaşı, sanki uzun ərəfənin, itirilmiş vaxtın, itirilmiş torpaqların və haqqın geri qaytarılmasının şərqisidir, türküsüdür və də təntənəsidir.
Bəli, Prezidentin vurğuladığı kimi, 44 günlük müharibə sonucunda Azərbaycan özü ədaləti, beynəlxalq hüququ bərpa etdi, torpaqlarını müharibə meydanında qızıl ləyaqət göstərərək azadlığa qovuşdurdu.
Əlbəttə, müharibə Azərbaycanın üçün yalnız ərazi bütövlüyünün bərpası olmayıb, həm də ədalətin və hüququn yüksəldilməsini ehtiva edən çox önəmli hadisəydi. Heç kəs üçün sirr deyil ki, məhz Azərbaycanın tarixi Zəfəri bölgə üçün tamamilə yeni gerçəkliklər, imkanlar yaradıb və bu, bölgəmizdən daha böyük coğrafiyaları müsbət təsirləndirib. Belə gerçəklik və imkanlar heç vaxt olmayıb və Ermənistan siyasi-hərbi hakimiyyətinin, erməni toplumunun ağlı olsaydı daha 4-5 il itirilməzdi, imkanlar bilavasitə dövriyyəyə girərdi...
Prezidentin vurğuladığı kimi, yekun imzadan öncə paraflanma - yəni bir sənədin mətni üzərində razılığa gəlindiyini təsdiqləyən mərhələ - özü sülhün rəsmi başlamasını simvolizə edir. - Sülh sazişinin imzalanmamasının xüsusi səbəbi də apaydındır - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur və o müddəa təyin olunmuş yerə tullanmalıdır...
Sülh müqaviləsi rəsmi qaydalara bağlı olsa da, onun paraflanması artıq həm siyasi, həm rəmzi olaraq bir dönəmin qapadılması, yeni dönəmin başlanması anlamına gəlir.
Ermənistan hakimiyyətinin iç siyasi səbəblərdən, bundan irəli, güclü dış basqılardan ötəri hər hansı tərəddüdü olarsa, vay halına - bu, razılaşmaları poza bilər. Bir tərəf sözü imzası qədər keçərliykən qarşı tərəfin imzası da sözü kimi havada uçuşacaqsa, özlərindən küssünlər, təbii. - Çün 29 min kv.km.-in kadastrına, mülkiyyət sənədinə bəslədikləri ümid sıfırlanmış olacaq:
"Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik. Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır". - Bu təsbitlər sülh sücinin həssaslığını və eyni zamanda, sürəcin davamlılığını təmin etmək üçün bölgəsəl və beynəlxalq çıxarların diqqətə alınmasının vacibliyini çox aydın şəkildə göstərməkdədir. Bu yer, onu da vurğulayaq ki, Prezident Zəngəzurdan yalnız coğrafi keçid olaraq yox, həm də mənəvi bir yol kimi danışdı. Bəli, "biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik".
Hərbi və coğrafi məsafələri aşan bu sözlər, Azərbaycanın uğur diplomatiyasını simvollaşdırır.
"Əl-Ərəbiyyə"yə müsahibədə Avropaya qaz göndərişi ilə bağlı planlar da cəsarətlə ifadə edildi:
"...biz 10 Avropa ölkəsini qazla təmin edirik... 2030‑cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr təbii qazı əmin şəkildə təmin edəcəyik".
Bax, bu, enerji sahəsində Azərbaycanın sabit və strateji mövqeyinin ardıcıl göstəricisidir. - Təkrarçılıq olmasın, sözümüz imzamız qədər keçərlidir.
Prezident dost-qardaş ölkələrin dost-qardaş rəhbərlərinin qarşılıqlı fəaliyyəti ilə bağlı da danışdı, əlbəttə və əlbəttə ismarıclarda bulundu:
"Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir.
Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir. Keçən il biz Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bizim strateji tərəfdaşlıq müqavilələrimiz və ya bəyannamələrimiz var. Beləliklə, bu, böyük potensialdır".
- Burada birliyin, tarixi və mədəni bağların necə geopolitik gücə çevrildiyinin altından xətt çəkilmiş olur - özü də, bir yox, iki xətt! Yəni, altından xətt çəkilən söz, cümlə, fikir varsa, deməli, o ərəfədə, bir də, üstündən xətt çəkilənlər vardır. Bu fikri qüvvətləndirməkçün digər yaxın-uzaq ölkələr və yaxın-uzaq hadisələr barədə suallara verilən tutarlı cavablarla tanış olmaq yetərlidir.
Beləliklə, bu müsahibə tarixi bir dönəmin həm strateji və diplomatik, həm də ruhani simfoniyasıdır.
Prezident Əliyev hər bir fikri sözünü başlığa çıxarılan, sülhə çevrilən bir sənət əsəri estetikasıyla çatdırdı.
Yəni:
-Qələbə, torpaqdır, torpaqdan savayı haqq-hüquq və qürurdur;
-Sülh - həm sənəddir, həm də, mahiyyətcə, o özü bir mərhələdir;
-Bizim bölgəmiz, yalnız sınır sayılmaz, o, strateji, mədəni və geosiyasi məkanın özüdür;
-Əsl siyasət xadimi strateq olmaqla birgə həm də sülh bələdçisidir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər Qoşalı