“Suriyada mövcud situasiyanın formalaşmasının, yəni Əsəd rejiminin devrilərək yeni müvəqqəti hökumətin qurulmasının əsas ssenari müəlliflərindən biri Türkiyədir. Buna görə də Türkiyə Suriyanın bərpa prosesində avanqard rol oynayır və bu rolu davam etdirərkən Suriyaya qarşı yönəlmiş məkirli oyunların, eyni zamanda ölkənin ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısını almaqda qətiyyətli mövqe nümayiş etdirmək niyyətində olduğunu açıq şəkildə bəyan edir. Hazırda isə məhz druzlar Suriyanın ərazi bütövlüyünə təhdid yaradan qüvvələr kimi çıxış edirlər. Əslində, druz icmasının özündə də parçalanma mövcuddur. Onların bir hissəsi Suriyanın yeni hakimiyyətinə dəstək verir və onunla əməkdaşlıq edir. Digər qrup isə İsrailin dəstəyi ilə Suriyada muxtariyyət və ya müstəqil dövlət qurmaq niyyətini ön plana çıxarır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, Suriyada druz icmasının bir hissəsi müstəqil dövlət yaratmaq niyyətini bəyan edib. Bu planın əsas dəstəkçisi kimi İsrailin çıxış etdiyi bildirilir. Rəsmi Ankara isə hesab edir ki, bu təşəbbüs İsrailin Suriyanı parçalamaq cəhdidir. Türkiyə rəsmiləri dəfələrlə vurğulayıblar ki, Suriyanın ərazi bütövlüyünün qorunması regionun sabitliyi və Türkiyənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Türkiyə hökuməti bəyan edib ki, druzların separatçı fəaliyyətləri Suriyanın bərpa prosesinə mane ola bilər. Bu səbəbdən Ankara lazım gələrsə, hərbi müdaxilə variantını da gündəmdə saxlayır.
Siyasi şərhçi qeyd edib ki, bu, həmin qrupun faktiki olaraq separatizmlə məşğul olduğunu göstərir.
“Hazırda Suriyanın bərpa prosesi qarşısında iki əsas problem qalır: separatizmi yenidən gündəmə gətirən silahlı druz qruplaşması və müxtəlif bəhanələrlə tərk-silah olmaqdan yayınan, PKK-nın Suriya qolu olan PYD/YPG terror təşkilatı. Bu iki silahlı qruplaşma zərərsizləşdirildiyi halda, Suriyanın bərpası qarşısındakı əsas maneələrin böyük qismi aradan qalxacaq. Çünki Suriya artıq çoxmilyardlıq beynəlxalq müqavilələr imzalamağa başlayıb, ölkəyə qarşı tətbiq olunan sanksiyalar isə tədricən aradan qaldırılır. Bu, Suriyanın iqtisadi imkanlarını artırır. Lakin ölkə daxilində silahlı qruplaşmaların separatizm və terrorizm fəaliyyəti bərpa prosesini ləngidən amillər sırasında qalır. Təbii ki, sərhədlərinə yaxın ərazidə sülh və sabitliyin hökm sürdüyü bir Suriyanın formalaşmasında maraqlı olan Türkiyə bu ölkənin yenidən qurulması prosesini dəstəkləmək və istənilən təhdidə qarşı mübarizə aparmaq niyyətindədir. Son açıqlamalar da göstərir ki, əgər druzlar Suriyanın bərpasına mane olmaqda və onun ərazi bütövlüyünə təhdid yaratmaqda davam edərlərsə, bu halda Türkiyə hərbi müdaxilə edərək məsələni həll etməyə qərar verə bilər. Bu isə təbii ki, onsuz da gərgin olan Türkiyə–İsrail münasibətlərini daha da gərginləşdirə bilər. Lakin həm Nasir bölgəsində, həm də Yaxın Şərqin digər hissələrində Türkiyə ilə İsrail arasında birbaşa hərbi toqquşmanın baş verməsi ehtimalı o qədər də inandırıcı deyil”.
Siyasi şərhçi əlavə edib ki, İsrailin əsas dəstəkçisi ABŞ-dır və Vaşinqton Yaxın Şərqdə Türkiyə ilə İsrail arasında hərbi qarşıdurmada maraqlı deyil:
“Üstəlik, İran–İsrail müharibəsindən sonra Türkiyə–İsrail qarşıdurmasının baş verməsi ABŞ-ın maraqlarına zidd olar. Digər tərəfdən, Tramp administrasiyasından sonra Vaşinqton–Ankara münasibətləri kifayət qədər istiləşib və hazırda yüksələn xətlə inkişaf edir. Bu baxımdan, ABŞ-ın hadisələrin belə gedişinə imkan verəcəyi də real görünmür. Əksinə, ABŞ-ın da Suriyada bərpa prosesinin uğurla nəticələnməsində maraqlı olduğu atılan addımlardan aydın şəkildə müşahidə olunur”.
Rəfiqə Namazəliyeva,
AzNews.az