AZ

Rəqəmsal əsrdə milli kimliyin qorunması və qarşıda duran çağırışlar

Gənclər “biz kimik?” -sualına düzgün cavab verməyi bacara bilsələr, etmomədəni kimliklərini tanıyacaqlar və yad təsirə immunitet yaranacaq.
Qloballaşmanın sərhədləri sildiyi və sosial şəbəkələrin şəxsiyyətin vahid rəqəmsal profilini yaratdığı rəqəmsal əsrdə milli kimlik məsələsi milli mədəniyyətlərin özünü qorumasının əsas probleminə çevrilib. Samuel Hantinqtonun qeyd etdiyi kimi: "İnsanlar və millətlər ortaya çıxa biləcək ən böyük suala cavab axtarır: biz kimik?" Çağımızda,  post-rəqəmsal dövrün astanasında, mədəni kimlik problemləri fəlsəfə, sosiologiya və mədəniyyətşünaslıqda mərkəzi yer tutur. Bunlar təkcə tarixi irsin qorunub saxlanmasına deyil, həm də regional və yerli xüsusiyyətləri birləşdirən milli mədəniyyətlərin inkişafına aiddir. 
 
Rəqəmsal dövrün əsas çağırışı nədir?
 
Rəqəmsal mühit identifikasiya strategiyalarını kökündən dəyişir. Mobillik, təcrübənin vizuallaşdırılması və daimi ünsiyyət şəxsi həyatı ictimailəşdirir, real və virtual şəxsiyyətləri vahid profildə birləşdirir. Anonimlik öz yerini manipulyasiyaların şəffaflaşdığı böyük dataların təhlilinə verir. Bu, mədəniyyətin kommersiyalaşmasına gətirib çıxarır, etnik ənənələr informasiya vasitəçiləri vasitəsilə “suvenirlərə” çevrilir. 
Araşdırmalar bu tendensiyaları təsdiqləyir. Məsələn, "Rəqəmsal media tətbiqlərinin mədəniyyətlərarası kontekstlərdə təsirinin öyrənilməsi" (2025) məqaləsi rəqəmsal medianın mədəni kimliyə necə təsir etdiyini göstərir. Qloballaşma çoxmillətli ölkələrdə  birliyə təhlükə yaradan tarixi yaddaşın deformasiyasını və mənəvi dəyərlərin məhvini gücləndirir. 
Mədəniyyətin qoruyucusu kimi dil də təhlükə altındadır. Qloballaşma, texniki tərəqqi  başqa dillərə tərcüməsi mümkün olmayan unikal mədəni anlayışlar yaratmaqla milli dilləri dəyərsizləşdirir.  Dil, adət-ənənələr və dəyərlər vasitəsilə etnik qrupa mənsubluğun dərk edilməsi kimi müəyyən edilən etnomədəni kimlik transformasiya olunur. Gənclər daha uğurlu olmaq üçün  qlobal mədəniyyətlərin elementlərini mənimsəməli olurlar. Bura xarici dili daha çox öyrənmək, istifadə etmək, xarici dildə təhsil almaq, elmi-texniki ədəbiyyatın xaric dillərdə olması, davranış tərzi, ünsiyyət manerası, məişət vərdişləri daxildir. Gənclər bir çox hallarda etnomədəni kimliyini arxa plana məqsədli şəkildə keçirirlər və süni mədəni kimliyi qabartmağa çalışırlar. Sosial şəbəkələrin həyatımızın bir parçasına çevrilməsi bu tendensiyanı daha da gücləndirir, xarici dildə danışmaq, davranış tərzi, geyim tərzi nümayiş etdirmək daha məqbul sayılır. Bu isə müvafiq düşüncə və dünyagörüş formalaşdırır. Gənclər öz etonomədini köklərindən uzaqlaşır və beləliklə, milli kimlik arxa plana keçir. Bu cür şəxslər etonomədini kökdən uzaqlaşmağın nəticələrini dərk etmir, bir assimillyasiya, istismar vasitəsi olduğunun fərqinə varmırlar. Əksər hallarda bu cür şəxslər ömür boyu natamamlıq kompleksi ilə yaşayacaqlarını, daim özlərini sübut etməli olacaqlarını, təlatümlü dövrlərdə ilk olaraq damğalanacaqlarının fərqinə varmırlar.  
 
Qoruma sttrategiyaları
 
Rəqəmsal əsrdə şəxsiyyətin qorunması qloballaşmanın mənfi təsirini məhdudlaşdıran strategiyalar tələb edir. Məsələn, ərəb dünyasında mədəniyyət və gənclər nazirlikləri vasitəsilə cəmiyyətin inkişafına, ərəb dilinin kimlik simvolu kimi gücləndirilməsinə diqqət yetirilir. Vətəndaşlıq anlayışları  məktəb kurikulumlarına daxil edilir, Çin və Hindistanda təhsil təşəbbüsləri Qərbin təsirinə qarşı çıxmaq üçün milli dəyərləri rəqəmsal platformalara inteqrasiya edir.
Ən vacib istiqamətlərdən biri müasir üsullarla dini dəyərlərin gücləndirilməsidir.  Səudiyyə Ərəbistanında rəqəmsal hekayələr milli kimliyi dərinləşdirir,  dini dəyərləri təşviq edir. 
Digər mühüm məsələ rəqəmsal savadlılığı inkişaf etdirməkdir. Bu ona görə vacibdir ki, gənclər manipulyasiyanı ayırd edə bilsinlər. Əsas diqqət rəqəmsal savadlığı artırmaqla tarixi yaddaşın deformasiyası ilə mübarizə aparmağa yönəldilməlidir. 
Rəqəmsal təşəbbüslərlə, gəncləri cəlb edən üsullarla daim “ biz kimik?” – sualı onlara verilməlidir. Gənclər “biz kimik?” -sualına özləri cavab axtarmalı və təhsil sistemi, dövlət proqramları onlara bu istiqamətdə yön verməlidirlər. Gənclər “biz kimik?” -sualına düzgün cavab verməyi bacara bilsələr, etmomədəni kimliklərini tanıyacaqlar və yad təsirə immunitet yaranacaq. “Biz kimik?” – sualının daim gəncləri düşündürməsi üçün onlar müvafiq rəqəmsal platformalarda bu sualı aktual edəcək, maraq yaradacaq kontentlə qarşılaşmalı, təşəbbüslərə cəlb olunmalıdırlar.  Bu istiqamətdə dövlət orqanlarının fəaliyyəti , mövcud siyasət diqqətlə təhlil edilməli və sistemli yanaşma tətbiq edilməlidir. Ənənəvi üsulların artıq işləmədiyi (çap formatına nəşrlər, iclaslar, ənənəvi janrda təlimlər və s) qəbul olunmalıdır, gənclərin özlərini axtarışa yönəldən təşəbbüslər həyata keçirilməlidir.
 
Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə "Baki Politoloqlar Klubu" İctimai Birliyi  tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb. 
 
Seçilən
4
moderator.az

1Mənbələr