Xəbər verdiyimiz kimi avqustun 26-dan 27-nə keçən gecə Xəzər dənizi sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ dənizətrafı ölkələrlə yanaşı Azərbaycanın bir sıra rayonlarında da hiss olunub. Zəlzələlərin Tədqiqi Bürosunun məlumatına görə, yeraltı təkanlar Qusar stansiyasından 94 km şimalda yerləşən ərazidə qeydə alınıb. Zəlzələ Quba, Xınalıq, Qusar, Bakı, Sumqayıt və digər şəhərlərdə 3-4 bal gücündə hiss olunub. Hadisə zamanı əhali təşvişə düşüb, xüsusilə bina evlərində yaşayan sakinlər küçəyə axışıb.
Son illərdə, xüsusən də 2023-cü il fevralın 6-da Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələ insanların qorxu hissini daha da artırıb. Həmin fəlakətdə 53 mindən çox insan həyatını itirmişdi. Bundan sonra Azərbaycanda baş verən hər bir kiçik yeraltı təkan belə vətəndaşlarda narahatlıq yaradır.
Bəs ölkəmizdəki binaların vəziyyəti necədir? Onlar zəlzələyə davamlıdırmı?
Memar Cahid Həsənov Musavat.com-a deyib ki, Azərbaycandakı tikililər əsasən 3 dövrə bölünür:
-Sovetdən öncə, Sovet dövründə və müstəqillikdən sonra inşa edilən binalar. Sovetdən öncə və Sovet dövründə tikilən binalar artıq istismar müddətini başa vurub. Məhz bu səbəbdən mərhələli şəkildə sökülərək yeniləri ilə əvəz olunur. Müstəqillik dövründə inşa edilən binalar isə Fövqəladə Hallar Nazirliyinin hazırladığı beynəlxalq standartlara uyğun olaraq tikilir və zəlzələyə davamlı hesab olunur.
Memarın sözlərinə görə, qaydalarda əsas diqqət dəmir-beton konstruksiyanın möhkəmliyinə və istifadə olunan materialların zavod istehsalı olmasına yönəldilir:
“Qaydalarda əsas nəzərə alınan dəmir, beton-konstruksiyanın tələb olunana qaydalara uyğun tikilməsidir. Həmçinin malların zavod malları olmasına diqqət yetirilir. Əgər tikinti zamanı hər hansı “prorab yeyintisi” halı baş verirsə bu tikili qanunsuz hesab olunur. Qurumların davamlı nəzarəti, ictimai maarifləndirmə yolu ilə bu halların qarşısını almaq mümkündür”.
Memar vətəndaşlara ev alarkən sənədlərə diqqət etməyi tövsiyə edib:
“Evin zəlzələyə davamlı olub-olmamasını öyrənməyin yeganə yolu “kupça”dır. Bu sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiqləyir. Fövqəladə Hallar Nazirliyi binanın zəlzələyə davamlığı da daxil olmaqla digər tikinti norma və qaydalarına uyğun inşa edilməsini təsdiqləyən rəy verməsə, bina istismara yararsız hesab edilir və müvafiq olaraq “kupça” verilməsi də mümkünsüz hala gəlir. Əgər “kupça” yoxdursa, deməli, ev qaydalara uyğun tikilməyib. Həmçinin, alıcılar dövlət nəzarət qurumundan evin konstruktiv möhkəmliyi barədə verilmiş aktı da tələb edə bilərlər”.
Xatırladaq ki, bu gün Abşeron yarımadasında təxminən yarım milyon ev hələ də “kupça”sızdır. Bu evlərdə yaşayan insanlar nə rəsmi satış edə, nə ipoteka götürə, nə də gələcək nəsillərə qanuni miras qoymaq imkanına malikdir. Bu ailələrin çoxu vaxtilə bələdiyyələrdən pul ödəyərək torpaq alıb, lakin hüquqi əsaslandırılmış sənəd əldə etməyib. Hazırda Prezidentin rəhbərliyi ilə məhz bu məsələ dövlət siyasətinin ön sırasına çıxarılıb. Dövlət başçısı hər bir fərmanı ilə vətəndaşın mülkiyyət hüququ toxunulmazdır prinsipini təsdiq edir. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşı gec-tez öz evinə rəsmi çıxarış alacaq və dövlətin qoruduğu mülkiyyət hüququnun sahibinə çevriləcək.