Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkın Şahbuz rayonu ərazisində “İrimiqyaslı meşə, çöl yanğınlarının lokallaşdırılması və söndürülməsi zamanı idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili” mövzunda yanğın-taktiki təlim keçirilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimə Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Şahbuz rayon Mərkəzi Xəstəxanasının, Təcili Tibbi Yardım Xidmətinin və Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd irimiqyaslı meşə, çöl yanğınlarının lokallaşdırılması və söndürülməsi zamanı qarşılıqlı əlaqənin təşkili, çətin relyefli ərazilərdə ən ekstremal vəziyyətdə yanğınsöndürənlərin, xilasedicilərin, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlimin nəzəri hissəsində məşğələ keçirilib, plan barədə məlumat verilib.
Praktiki hissədə ilkin olaraq ərazidə hidrometeoroloji və yanğın kəşfiyyatı aparılıb, idarəetmə və qarşılıqlı əlaqə təşkil olunub. Baş verən şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri tərəfindən insanların “təhlükəli ərazidən” təxliyə edilməsi və “yaralıların xilas edilməsi”, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib. Minerallaşdırılmış zolaqlar yaradılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ərazinin təhlükəsizliyi təmin edilib.
Təlimə, ümumilikdə, 30 texnika və 150 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.
Uğurla keçən təlimdən sonra əldə edilən nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.