AZ

Yeni reallıqlar fonunda Azərbaycandan dünyaya mesajlar

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev: "Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir"

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasəti qısa müddətdə Azərbaycanı dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevirdi. İnkişafın Azərbaycan modeli dünyanın diqqətini özünə çəkdi, bir çox ölkələrdə öyrənilməyə başlandı və örnəyə çevrildi. Bu gün Azərbaycan öz qüdrətli Liderinin uzaqgörən, qətiyyətli siyasəti ilə regionda yaranmış yeni reallıqlar fonunda daha möhtəşəm layihələrin müəllifi və təşəbbüskarı kimi çıxış edir. Son 22 ildə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Azərbaycan müstəqillik əldə etdiyi dövrdən etibarən, bütün ölkələrlə qarşılıqlı tərəfdaşlıq çərçivəsində qurduğu münasibətlər böyük etimada əsaslanir. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarını qorumaq şərti ilə beynəlxalq aləmdə xarici ölkələrlə münasibətlərin inkişafı istiqamətində xoşməramlı niyyətinin təzahürüdür. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsabəsində sərgilədiyi fikirlər bir daha Azərbaycan reallıqlarını və bugünün prizmasından baş verən hadisələrə yanaşmanı bir daha dünyaya mesaj olaraq ötürmüş oldu.

"VAŞİNQTONDA BAŞ VERƏN HADİSƏLƏR, ƏSLİNDƏ, QARŞIDURMANIN VƏ GƏRGİNLİYİN SONU DEMƏKDİR"

Bu müsahibə ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşmadan sonrakı dövrə təsadüf etmiş oldu. Müsahibə əsasında həmin tarixi məsələ haqqında söhbət aparılıb, Azərbaycanın Şərq ilə Qərb arasındakı rolu haqqında danışılıb və digər məsələlərə toxunulub. Donald Trampın vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmaya aid Azərbaycan Prezidenti İlham Əliyev təəssüratlarını ifadə edərək "Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi", - deyə bildirib. Tarixi dövrə nəzər salan Azərbaycan Prezidenti Ermənistanın Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarların oluğunu da bildirib. Azərbaycan ərazisinin təxminən 20 faizi ermənilər tərəfindən işğal edildi. Bir milyon insan qaçqın və məcburi köçkünə çevrildi. "Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü", - deyə Prezident qeyd edib.

"BİZ BEYNƏLXALQ SƏVİYYƏDƏ TANINMIŞ ƏRAZİLƏRİMİZİ AZAD ETDİK"

Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq.

"Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və gördüyümüz kimi, mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik", - deyə Azərbaycan Prezidenti bildirib.

Çağdaş dünyamızda tamamilə yeni bir dövrə qədəm qoyan Azərbaycan Böyük Qayıdış konsepsiyasını uğurla reallaşdırır. İşğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayıb. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız və Şərqi Zəngəzur yenidən qurulur. Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçərək böyük quruculuq işlərini həyata keçirməyə başlayıb. Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. Müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması ilə bağlı rastlaşılan problemlərdən də danışıb. Dövlətimizin başçısı bildirib ki, bu işlərə əsas iki maneə ərazilərin minalanması və Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. "Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq", - deyə Prezident əlavə edib.

"AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN AĞ EVDƏ PREZİDENT TRAMPIN İŞTİRAKI İLƏ BU SƏNƏDİ PARAFLAMASI MÜHARİBƏNİN BAŞA ÇATDIĞINI GÖSTƏRİR"

Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsi həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyan çoxsaylı mövzuları əhatə edir. Dövlətimizin başçısının müsahibəsində yer alan fikirlər, təkcə Azərbaycanın mövqelərinin ifadəsi baxımından deyil, həm də beynəlxalq aləmə ünvanlanan siyasi mesajlar kimi liqqətdədir.

Regionda yeni reallıqların müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyev sülh və təhlükəsizlik fonunda siyasət həyata keçirərək iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirərək beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir. "Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır", - deyə dövlət başçımız bildirib. Cənab Prezident onu da diqqətə çəkib ki, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı: "Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq. Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır".

"İMZALANMIŞ SƏNƏDDƏN GERİ ADDIM ATILARSA, BU, ERMƏNİSTAN İLƏ ABŞ ARASINDAKI MÜNASİBƏTLƏRİ CİDDİ ŞƏKİLDƏ PİSLƏŞDİRƏR"

"Siz Ermənistanın konstitusiyasına edilməli düzəlişi qeyd etdiniz. Hazırda sülh haqqında bəhs etdiyimiz zaman düşünürəm ki, əgər Ermənistanda hər hansı daxili siyasi dəyişiklik baş verərsə, bu, həmin prosesə xələl gətirəcəkmi?" sualını cavablandıran Prezident İlham Əliyev bildirib ki, Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Gələn yay Ermənistanda parlament seçkilərinin keçiriləcəyini bildirən Cənab Prezident onların yeni konstitusiya layihəsi üzərində işlədiklərini diqqətə çəkib: "Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər. Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir".

"ZƏNGƏZUR DƏHLİZİ QİTƏLƏRİ BİRLƏŞDİRƏN VACİB NƏQLİYYAT ƏLAQƏSİ OLACAQ"

Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizi məsələsini gündəmə gətirərək, onun yalnız Azərbaycanın deyil, bütövlükdə regionun strateji maraqlarına cavab verdiyini vurğulayıb. Dövlətimizin başçısının müsahibəsində də qeyd etdiyi kimi, bu dəhlizin açılması nəinki Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında birbaşa əlaqəni təmin edəcək, həm də beynəlxalq ticarət yollarının genişlənməsinə zəmin yaradacaq. Əslində, Zəngəzur dəhlizi konsepsiyası təkcə milli layihə deyil, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin ayrılmaz hissəsi kimi çıxış edir.

"Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq", - deyən Prezident bildirib ki, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana: "Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək". Azərbaycan Prezidenti onu da vurğulayıb ki, Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. “Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Tiicarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş iirimiqyaslı layihələr böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr də xüsusilə qeyd edilməlidir.

Regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr həyata keçirilir. Azərbaycan dövləti reallıq prizmasından çıxış edərək, dünya dövlətləri ilə səmərəli əməkdaşlığın davamlılığına önəm verir. Əlbəttə ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə müdrik liderə məxsus böyük uzaqgörənliklə yanaşması apardığı siyasətin əsas cəhətlərindən biridir. Azərbaycan Prezidenti təcrübəli siyasətçi kimi ümummilli və qlobal məsələləri böyük peşəkarlıqla həll edir, hadisə və proseslərin axarını əvvəlcədən müəyyənləşdirərək gələcəyin tarixini yaradır, parlaq zəkası, iti mühakimə qabiliyyəti ilə mürəkkəb situasiyalarda düzgün seçim etməsi diqqətdən kənarda qalmır. Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirir. Azərbaycan Prezidenti sübut edir ki, liderin malik olduğu nüfuz özündə şəxsi keyfiyyətlərin, siyasi dəyərlərin və prinsiplərin vəhdətini birləşdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
sesqazeti.az

1Mənbələr