Avstraliyanın Xarici İşlər naziri Peni Vonq bildirib ki, İranın Melburndakı sinaqoqa və Sidneydəki Lewis Continental Kitchen-a edilən hücumlarla əlaqəsi olduğu irəli sürülür və buna görə Təbriz hökuməti “xətti keçib”.
ABC Radio-ya danışan Vonq İranın Kanberra səfiri Əhməd Sadegi-nin “arzuolunmaz şəxs” elan edilərək ölkədən çıxarılması qərarını müdafiə edib.
Uzunmüddətli bir istintaqdan sonra bu qərarın verildiyini bildirən Vonq, İranın Xarici İşlər naziri Abbas Əraqçi-nin Avstraliyadakı antisemit hücumlarda iştirak etmədiklərini iddia edən açıqlamasını rədd etdiklərini vurğulayıb.
Vonq qeyd edib ki, Melburndakı və Sidneydəki hücumların arxasında İrana aid məlumatlar mövcuddur:
“Hökumət İranın 'xətti keçdiyi' qənaətinə gəlib. Bu, Avstraliya torpağında avstraliyalılara qarşı törədilən bir hücumdur. Bu, qəbuledilməzdir”.
Buna görə İranlı diplomatın ölkədən çıxarılmasına qərar verildiyini bildirən Vonq, ikinci dünya müharibəsindən sonra ilk dəfə bir səfirin ölkədən çıxarıldığını əlavə edib.
O, həmçinin Avstraliya vətəndaşlarını İrana səfər etməməyə çağıraraq deyib: “Bu, vəziyyəti daha da çətinləşdirir. İrana getməyin. Əgər İrandasınızsa, xahiş edirəm evinizə qayıdın”.
İranın Xarici İşlər naziri Əraqçi isə dünən açıqlama verərək ölkəsinin Avstraliyadakı heç bir hücumun arxasında olmadığını iddia edib və Avstraliya Baş naziri Antoni Albanese-ni “zəif siyasətçi” adlandırıb.
Avstraliya Baş naziri Albanese isə İranın Kanberra səfiri Sadeginin “arzuolunmaz şəxs” elan edildiyini və ölkədən çıxarılmasına qərar verildiyini açıqlayıb.
O bildirib ki, Avstraliya Milli Təhlükəsizlik Agentliyi (ASIO) keçən il Melburndakı sinaqoqa və Sidneydəki Lewis Continental Kitchen-a edilən hücumların arxasında İran hökumətinin olduğunu göstərən etibarlı kəşfiyyat məlumatı əldə edib.
Bundan sonra Avstraliyanın Tehrandakı bütün səfirlik fəaliyyəti dayandırılıb, İran ərazisindəki bütün Avstraliya diplomatları isə ölkəni tərk edib.