AZ

İranda silahlılarla qarşıdurma baş verib

BAKI, TurkicWorld, Fərid Mikayılov

İranın təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində həyata keçirilən üç ayrı əməliyyat zamanı 13 silahlını zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, öldürülənlərdən səkkizi ötən həftə Sistan və Bəlucistan vilayətində patrul xidmətində olan beş polis əməkdaşının qətlə yetirilməsində iştirak edən silahlı dəstənin üzvləri olub.

İran mediası hücumu bölgədə fəaliyyət göstərən və etnik bəluc azlığının hüquqlarını müdafiə etdiyini iddia edən “Ceyş əl-Ədl” qruplaşmasının üzərinə qoyur.

Toqquşmalar vilayətin üç şəhərində baş verib. Bildirilib ki, əməliyyat zamanı əlavə silahlılar saxlanılıb, lakin onların sayı açıqlanmayıb. Əməliyyatda həm polis, həm də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iştirak edib.

Əfqanıstan və Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan vilayəti illərdir silahlı qruplaşmalar, narkotik qaçaqmalçıları və təhlükəsizlik qüvvələri arasında ölümcül toqquşmalarla gündəmə gəlir. Həmçinin, bu bölgə İranın ən az inkişaf etmiş əyalətlərindən biri hesab olunur.

Seçilən
4
turkic.world

1Mənbələr