AZ

Ölkə əhəmiyyətli tarixi abidələrimiz

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Dünya xalqları arasında özünəməxsus yeri olan Azərbaycan bəşəri ideyaları, adət-ənənələri, maddi və mənəvi xəzinəsi ilə zəngin irsə sahibdir. Bu sahəyə dövlət qayğısının artması dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun fəaliyyətə başladığı zamandan bu günə qədər həyata keçirdiyi layihələrin, tədbirlərin hər biri Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın hər bir layihəsi Azərbaycanın işıqlı sabahına əvəzsiz töhfədir. Xatırladaq ki, Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri sırasında ölkədaxili dini abidələrin bərpa və təmiri önəmli yerlərdən birini tutur. Əlbəttə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə verdiyi töhfələr əhəmiyyət kəsb edir. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Gəncə İmamzadə kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib. Xüsusi olaraq vurğulayaq ki, paytaxtımızda Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Heydər Əliyev Fondu tərəfindən "Tolerantlığın ünvanı - Azərbaycan layihəsi çərçivəsində ölkənin müxtəlif yerlərində çoxsaylı məscid və ibadət evləri bərpa edilib. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinə, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin bariz nümunəsidir. Yeni Günəşlidə daha müasir və geniş məscid kompleksinin olması məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsinə imkan verir.

ŞƏKİ XAN MƏSCİDİ KOMPLEKSİ

Bu səpkidə keçirilən layihələrin davamı olaraq Şəki Xan məscidi kompleksində də əsaslı bərpa işləri aparıılıb. Ölkə əhəmiyyətli abidə siyahısında olan məscid xanlıqlar dövrünə (1745-1750-ci illər) aid edilir. Tarixi məlumatlara və üzərində qeyd edilən kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn xan tərəfindən inşa olunub. Məscidin yanında yerləşən qəbiristanlıqdakı əsas 13 qəbir xan nəslinin nümayəndələrinə aiddir. Mənbələrdə də qeyd olunduğu kimi, qəbiristanlıqda yalnız xan nəslinin nümayəndələri dəfn olunduğundan "Xan qəbiristanlığı" adı verilib. Məscidin 21 metrlik minarəsi bişmiş kərpic və əhəng məhlulundan istifadə edilməklə inşa olunub. Burada eyvana qalxmaq üçün dairəvi pilləkən var. Məscidin ön fasadında olan tağvari eyvan isə məscidə xüsusi gözəllik verir. Məscidin bərpası layihəsi 1981-ci ildə hazırlansa da, sonrakı illərdə heç bir iş görülməmişdi. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri çərçivəsində əvvəl Şəki şəhərinin "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Xan məscidi kompleksində 3D ölçmə işləri aparılıb. Bu işlər məscid kompleksinin ilkin görüntüsünün əldə edilməsi baxımından əhəmiyyətli olub. Ərazidə yerləşən tikililər - məscidin əsas binası və minarə, yardımçı tikililər, kompleks ərazisinin hasarı və orada yerləşən məzarlıq skan edilib, məscidin 3D modeli hazırlanıb. Məscid kompleksinin əldə olunan ilkin görüntüsü əsasında aparılan bərpa işləri zamanı iqlim təsirinə görə, yararsız hala düşən kərpiclər yeniləri ilə əvəzlənib, yeri bişmiş kərpiclə yenidən döşənib. Minarədə olan kərpicləri eroziyadan mühafizə etmək üçün xüsusi materiallarla izolyasiya qatı yaradılıb. Eyni zamanda, məscidin ilkin tikintisi zamanı olan pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib. Məscidin həyətindəki köhnə su hovuzunun əvəzinə yeni hovuz inşa olunub. Həyətdəki Xan çinarları və digər ağaclar ətrafında mühafizə zonası yaradılıb. Məsciddə bərpa işləri çərçivəsində mehrabın altı qazılarkən oradan böyük ölçülü sal daşlar aşkar edilmişdi. Bu səbəbdən, həmin hissədə bərpa işləri dayandırılmış və Şəki arxeoloji ekspedisiyası tərəfindən yoxlamalar aparılmış, ekspedisiyanın tədqiqatı və qazıntı işləri nəticəsində həmin hissədə qəbir aşkar olunmuşdur. Qəbirdən 52 muncuq və tunc təsbeh başlığının tapılması dəfn olunanın yüksək dini və ya dövlət statuslu şəxs olması ehtimalını yaradırdı. Mütəxəssislərə dəstək məqsədilə Heydər Əliyev Fondunun köməyi ilə aşkar olunan skeletdən nümunələr götürülüb, radiokarbon və genetik analizlər aparmaq üçün Böyük Britaniyanın Oksford Universitetinin laboratoriyasına göndərilib. Aşkar olunan skelet nümunələri və məscid ərazisindəki xan nəslinə aid digər qəbirlərdən götürülən nümunələr əsasında Böyük Britaniya ilə yanaşı, Avstriya, Estoniya və Türkiyədə də tədqiqatlar, genetik analizlər aparılıb. Laborator analizlərin nəticəsinə, eləcə də AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyinə əsasən, aşkar edilən qəbirin Şəki xanı Məhəmmədhüseyn xana aid olduğu təsdiqlənib.

Onu da bildirək ki, məscid kompleksinin ərazisində Heydər Əliyev Fondunun dəstəyi ilə muzey də yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid fərqli eksponatlar, müxtəlif mənbələrdən toplanan maddi-mədəniyyət nümunələri təqdim olunur. Muzey əyani şəkildə Şəki xanlığının yaranmasının, formalaşmasının milli dövlətçilik tariximizdə xüsusi yerini nümayiş etdirir. İki mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində Şəki xanlığı dövrünə aid mis qablar, milli geyimlər, zərgərlik məmulatları, XVIII əsr Şəki tacirlərinin evlərini bəzəyən divar güzgüləri, Şəki adət-ənənəsi üzrə onların qarşısına qoyulan mücrülər, Şəkinin kəlağayı sənətinə aid nümunələr sərgilənir. Muzeyin birinci mərtəbəsində təqdim olunan elektron lövhədə Azərbaycan və ingilis dillərində Şəki xanlığının tarixi, siyasi, sosial-iqtisadi həyatı, mədəniyyəti və Şəki xanları barədə məlumatlar çatdırılır. İkinci mərtəbədə isə Şəki xalçası, müxtəlif xalçaçılıq ləvazimatları, Əbdüllətif Əfəndinin "Şəki xanlarının tarixi" kitabı və Şəki xanlığı dövrünə aid yazılı ədəbiyyatlar, şəbəkə nümunəsi, XVIII əsr Şəki xanlarının dövründə istifadə edilmiş sikkələr, XVIII-XIX əsrə aid silah nümunələri nümayiş olunur.

Muzeyin əsas hissələrindən biri ikinci mərtəbədəki xan otağıdır. Həmin otaq Şəki xanı Məhəmmədhüseyn xan Müştağın bu binada ibadət etməsini, ədəbi məclislər təşkil etməsini, müxtəlif qəbullar həyata keçirməsini, şahmat oynamasını əyani şəkildə nümayiş etdirir.

MƏDƏNİ İRSİMİZ QORUNUR VƏ YENİDƏN BƏRPA EDİLİR

Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. Ermənistanın otuz ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal altında olan ərazilər darmadağın edilib, erməni vandallığına və təcavüzünə məruz qalıb, o məkanlardakı misilsiz mədəni irsimizə çox böyük ziyan dəyib. Yüzlərlə tarixi abidənin – muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunması erməni əməllərinə bir daha dünyaya təqdim etdi. Məlumdur ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etmişdir. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Bütün bunlarla yanaşı, Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamız tarixi günlərini yaşayır.

Vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.todayportalında da "Bizim Şuşa" adlı bölmədə şəhərin yarandığı gündən işğal olunduğu dövrə qədərki tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer alıb. "Şuşada erməni vandalizmi" adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğaldan sonra dağıdılması, dünya, yerli və ölkə əhəmiyyətli mədəni irs nümunələrinin talan olunması, məhv edilmiş mədəni irs nümunələrinin siyahısı və həmin abidələrin nə vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağıdılması haqqında məlumatlarda diqqəti cəlb edir.

Göründüyü kimi, bu gün ölkəmizdə bütün dini-mədəniyyət abidələri qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir.

Zümrüd BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
sesqazeti.az

1Mənbələr